"Sosial Müəssisələr" layihəsi

"Sosial Müəssisələr" layihəsi

“Sosial Müəssisələr” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, “Cığır” İctimai Birliyi və “Holcim Azərbaycan” ASC-nin birgə tərəfdaşlığı ilə həyata keçirilmişdir. Layihənin əsas məqsədi qadınların əmək bazarına və cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir. Bu məqsədlə layihə çərçivəsində qadınlar biznes planların hazırlanması və praktiki peşə təlimlərinə cəlb olunublar. Eyni zamanda, yaradılan müəssisələr Dövlət Məşğulluq Agentliyi tərəfindən onların birgə fəaliyyətini təmin edəcək zəruri avadanlıqlarla təchiz edilib.

 

Layihənin nəticəsi olaraq iki sosial sahibkarlıq müəssisəsi yaradılıb. Onlardan biri – “Kitab Bağı” sosial müəssisəsi hazırda aktiv fəaliyyət göstərir. Burada benefisiarlar dibçək və dekorativ bitkilərin yetişdirilməsi və satışı ilə yanaşı, qəhvə və şirniyyatların hazırlanması və satışını da həyata keçirirlər. Müəssisənin digər istiqaməti isə ekoloji baxımdan təmiz və təbii gübrələrin istehsalıdır. Bunun üçün müxtəlif növ üzvi tullantılar toplanaraq kompost hazırlanır, bu kompost həm müəssisənin bitkilərinin əkilməsində istifadə olunur, həm də paketlənərək satışa çıxarılır.

 

Layihə çərçivəsində yaradılan digər müəssisə – “Ümid Atelye” Qaradağ rayonunda yerləşir. Bu müəssisə bölgədə yaşayan qadınların tekstil sahəsində birgə fəaliyyət göstərmələrinə şərait yaradıb. Layihənin sosial yönümünü gücləndirmək məqsədilə müəssisədə çalışan, azyaşlı övladı olan xanımlar üçün kiçik bağça təşkil olunub. Burada uşaqların valideynlərinin işdə olduqları müddətdə asudə vaxtlarını səmərəli keçirməsi üçün zəruri şərait yaradılıb.

 

Layihə həssas kateqoriyadan olan qadınların məşğulluq imkanlarını genişləndirərək onların sosial sahibkarlıq fəaliyyəti vasitəsilə cəmiyyətə inteqrasiyasına töhfə vermişdir.