STRATEJİ BAXIŞ
Dövlət Məşğulluq Agentliyinin strateji baxışı gələcək fəaliyyətinin əsasını təşkil edir.
Bu nöqteyi-nəzərdən, Agentliyin strateji baxışı aşağıdakı kimidir:
Əmək bazarının inkişaf dinamikasına uyğun olmaqla, məşğulluq tədbirlərini beynəlxalq akkreditasiya və sertifikatlaşdırmadan keçmiş məhsul və xidmətlər vasitəsilə həyata keçirən, sosial cəhətdən həssas qrupların əmək bazarında dayanıqlı iştirakını təmin etməyi dəstəkləyən, gələcək nəsillərin uğurlu karyeralarına zəmin hazırlanmasında aktiv iştirak edən, müasir standartlara uyğun, rəqəmsal imkanlarla zənginləşdirilmiş və gələcək tendensiyalara uyğunlaşan məşğulluq orqanı olmaq.
MİSSİYAMIZ
Dövlət Məşğulluq Agentliyi strateji baxışına müəyyən etdiyi missiyalar əsasında nail olmağı hədəfləyir. Agentliyin missiyası aşağıdakı kimidir:
İş tapmaqda çətinlik çəkən işsiz və işaxtaran şəxslərin, xüsusilə də sosial cəhətdən həssas qrupların müvafiq məşğulluq tədbirləri, o cümlədən peşə bacarıqlarının inkişaf etdirilməsi vasitəsilə onların məşğulluğa çıxışını asanlaşdırmağa dəstək verməklə, gələcəkdə əmək bazarına daxil olacaq şəxslər üçün peşəyönümü məsələhət xidmətlərini təşkil etməklə, habelə əmək bazarı üzrə siyasət qərarlarının qəbulu üçün müvafiq informasiya bazasını təmin etməklə ölkədə əmək bazarının effektivliyinə və inklüzivliyinə töhfə vermək.
STRATEJİ ÇAĞIRIŞLARIMIZ VƏ PRİORİTET İSTİQAMƏTLƏRİMİZ
Agentliyin strateji baxışı, missiyası və məqsədləri əsasında fəaliyyətinin əsaslandığı istiqamətlər aşağıdakılardır:
- Məşğulluq tədbirləri üzrə mövcud mexanizmlərin təkmilləşdirilməsi
- Peşə hazırlığı üzrə fəaliyyətlərin təkmilləşdirilməsi
- Peşəyönümü üzrə fəaliyyətlərin təkmilləşdirilməsi
- Rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi
- Sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi
- Strateji təhlil və proqnozlaşdırma sisteminin inkişaf etdirilməsi
- İnstitusional inkişaf tədbirlərinin həyata keçirilməsi
- Böyük Qayıdış prosesi çərçivəsində məşğulluq tədbirlərinin təşkili ilə bağlı potensialın gücləndirilməsi
PRİNSİPLƏRİMİZ / DƏYƏRLƏRİMİZ
Agentlik öz işçi heyəti ilə birlikdə bütün maraqlı tərəflər qarşısında olan vəzifə və öhdəliklərini yerinə yetirərkən hər bir qərarında və fəaliyyətlərində əsas dəyərlərinə söykənir. Bu dəyərlər işçi heyətimizin fərdlərinə məxsus olan mənəvi dəyərlərə və qurum olaraq Agentliyə məxsus olan korporativ dəyərlərə ayrılır.
Mənəvi dəyərlərimiz
- Ədalətlilik – Agentliyin əməkdaşları vətəndaşlar və bütün maraqlı tərəflərlə kommunikasiyada ədalətliliyi, bərabərliyi qoruyurlar və bu yanaşmanı hər kəsə bərabər, eyni səviyyədə tətbiq edirlər;
- Dürüstlük – Agentliyin əməkdaşları rəhbər heyətə, komanda üzvlərinə, vətəndaşlara və digər maraqlı tərəflərlə münasibətdə daima səmimi və dürüst davranırlar;
- Etimadlılıq – Agentlik əməkdaşları maraqlı tərəflərinin etimadını zədələyən, inamını sarsıdan, şübhə altına alan və ədalət prinsipinə zidd olan hərəkətlərdən (və ya hərəkətsizlikdən) çəkinməyi özlərinə borc bilirlər;
- Məsuliyyətlilik – Agentlik əməkdaşları öz vəzifələrinə, verilmiş tapşırıq və hədəflərə məsuliyyətlə yanaşırlar və onları vicdanla yerinə yetirirlər;
- Loyallıq – Agentlik əməkdaşları hər bir vəziyyətdə vəzifə, öhdəlik və dəyərlərinə sədaqət nümayiş etdirirlər və bu sadiqlikdən əsla vaz keçmirlər;
- Nəzakətlilik – Agentlik əməkdaşları təmasda olduğu bütün şəxslərin və qurumların ləyaqətinə, azadlığına, təhlükəsizliyinə, hüquqlarına və maraqlarına hər daim hörmətlə yanaşırlar.
Korporativ dəyərlərimiz
Korporativ mədəniyyət hər bir qurumun işçi heyəti tərəfindən ortaq qəbul edilən dəyərlər toplusudur. Bu dəyərlər, xüsusilə böyük vətəndaş kütləsinə xitab edən dövlət idarələri üçün mühüm əhəmiyyət kəsb edir.
- Komanda işi və əməkdaşlıq – Biz komandamızda qarşılıqlı hörmət və inamı yüksək qiymətləndiririk, ümumi məqsədlərə və nəticələrə nail olmaq üçün birlikdə çalışırıq.
- Şəffaflıq – Biz fəaliyyətimizdə açıqlıq, dürüstlük prinsiplərinə və davranış standartlarına riayət edirik, məlumatların əlçatanlığını təmin edirik. Fəaliyyətimizdə qanun və müəyyən edilmiş normaların pozulmasına yol vermirik.
- Nəticəyönümlülük – Biz ölçüləcək və qiymətləndiriləcək konkret məqsəd və nəticələrə nail olmaq məqsədilə çalışırıq, işimizin nəticələrinə görə məsuliyyət daşıyırıq.
- Obyektivlik – Biz iş həyatında qərarlarımızı şəxsi maraqlarımız və emosiyalarımızdan təsirlənməyərək, habelə obyektiv məlumatlara əsaslanaraq, faktları və məlumatları təhlil edərək veririk.
- Vətəndaşyönümlülük – Biz vətəndaşlarla münasibətdə bütün tədbirlərin onların lehinə sonlandırılmasına çalışır, insanların ehtiyacları, habelə onların inkişafı və həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verəcək xidmətləri yaradırıq.