Karyera imkanları

Dövlət Məşğulluq Agentliyinin karyera bölməsinə xoş gəlmisiniz.

Kim olduğumuzu, nə etdiyimizi və nə üçün etdiyimizi kəşf edin.

Dövlət Məşğulluq Agentliyində işləyərkən Siz cəmiyyətdə inam yaratmaq və mühüm problemləri həll etmək üçün bir araya gələn komandanın üzvü olacaqsınız. Agentlik məşğulluğun artırılması, işsizlik səviyyəsinin azaldılması məqsədilə 24 istiqamətdə xidmətlər göstərərək, müxtəlif rəqəmsal və sosial layihələr icra edir. Bu gün Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti bütün ölkəni əhatə edir.

Biz hər gün cəmiyyətə faydalı olacaq layihələr icra edir, vətəndaşlara göstərilən xidmətin ən yaxşısını etmək üçün çalışırıq. Siz də bu yolda bizimlə addımlamaq istəyirsinizsə, CV-nizi hr.dma@sosial.gov.az ünvanına göndərərək vakansiyalarımıza müraciət edə bilərsiniz.

Nəyə görə DMA?

İşinin peşəkarı ol

Dövlət Məşğulluq Agentliyində Siz təcrübəli və peşəkar mütəxəssislərdən öyrənə, həmçinin biliklərinizi paylaşaraq inkişaf edə bilərsiniz.

Hər gün inkişaf et

Dünyamız daim dəyişir. Bu dəyişikliklər isə bizi yeni məlumatlar öyrənməyə və təcrübə qazanmağa vadar edir. Maraqlı təlimlər və inkişaf proqramları vasitəsilə öyrəndiklərimizi bölüşərək inkişafınızı dəstəkləmək istəyirik.

Fərqlilikləri təcrübə et

Hər gün dəyişən və inkişaf edən komandanın üzvü olmaqla Siz fərqli və innovativ layihələrdə iştirak edərək beynəlxalq və yerli təcrübələrdən yararlana, həmçinin təcrübə qazana bilərsiniz.

Dəyərləri hiss et

Hər birimiz fərqli düşüncə tərzində olsaq da, dəyərlərimiz kim olduğumuzu, nəyi müdafiə etdiyimizi və necə davrandığımızı müəyyən edir. DMA-da çalışmaqla Siz bir-birinə hörmət edən, özünüz ola biləcəyiniz korporativ mühitin bir hissəsi olacaqsınız.

İR Dəyərlər

Birliklə

Əsl DMA-çı öz həmkarlarına güvənir, onların uğurlarını alqışlayır, səmimi ünsiyyət qurur və BİR komanda olaraq BİRLİKLƏ fəaliyyət göstərir. Şəxsi baxış və istəklərini deyil, Agentliyin maraqlarını üstün tutur.

Hörmətlə

Əsl DMA-çı qarşılıqlı etibar və hörmət üzərində qurulmuş korporativ mədəniyyət nümayiş etdirir. Həmkarlarına, həmçinin iş yerinə hörmət və qayğı ilə yanaşır. Ətraf mühiti qoruyur. Ünsiyyət zamanı pozitiv və mehriban davranış nümayiş etdirir. Özünün və başqalarının vaxtına, resurslarına hörmət edir.

Həvəslə

Əsl DMA-çı həvəslə çalışmağa səy göstərir. Mövcud vəziyyəti düzgün qiymətləndirərək, bütün məqamları nəzərə alaraq məqsədəuyğun təşəbbüslər irəli sürür. Ürəklə və həvəslə həmkarlarına daim yardım əlini uzadır və dəstək olur. Öyrəndiklərini, bilik və təcrübələrini sevə-sevə paylaşır.

Töhfəylə

Əsl DMA-çı Agentliyin missiyasını və strateji hədəflərini anlayır, DMA ailəsinin üzvü olduğuna görə fəxr edir və qürur hissi duyur. Hər zaman yeniliklərə açıqdır və daim üzərində çalışır. İnnovativ düşünür və novatorluğu dəstəkləyir. DMA-nın strateji hədəflərinə nail olunması üçün ideyalar verir, onların həyata keçirilməsinə dəstək olur, layihələrə qatılır.

İR komandasının müraciəti

“Dəyərlərimizi əsas götürən, davranışları həmin dəyərlərə əsaslanan komanda yaradıb, elə mühit formalaşdırmışıq ki, hər kəs özünü həqiqətən buraya aid hiss etsin. DMA hər kəsin göründüyü və eşidildiyi yer olsun. Bizim dəyərlərimiz burada qurulan hər şeyin, o cümlədən karyeranın bir hissəsidir. İşləriniz sizin üçün olduğu kimi bizim üçün də dəyərli və mənalıdır. Həqiqətən yenilikçi, innovativ mühitdə çalışaraq cəmiyyətə töhfə verəcəyiniz iş mühitində olmaq istəyirsinizsə, o zaman DMA tam o yerdir. Biz DMA-da işləyən hər kəs üçün xoş mühit yaratmağa diqqət yetiririk. Burada çalışmaqla, biz hər birimiz bu dəyərləri hər gün işimizə gətirməyi öhdəmizə götürürük. Komandamız problemlərə fərqli yanaşaraq yeni həllər tapan, yeniliklərə açıq olan, davamlı inkişafı və sağlam iş mühitini dəstəkləyən yeni üzvlərə hər zaman açıqdır”.

Yeni məzun və ya təcrübəli mütəxəssis olmağınızdan asılı olmayaraq Sizi komandamızın üzvü olmağa dəvət edirik.

Gəlin, birlikdə ən yaxşısını yaradaq.

İnsan Resursları komandası

İşə qəbul prosesi

Biz inanırıq ki, istedadları komandaya cəlb etmək və onları inkişaf etdirmək hər bir təşkilatın gələcək uğurunun açarıdır.

Agentliyə işə qəbul məqsədilə müraciət formanızı (CV) Agentliyin hr.dma@sosial.gov.az elektron ünvanına göndərə bilərsiniz. Təqdim etdiyiniz müraciət formanız vakansiya tələblərinə uyğun görüldüyü halda müsabiqəyə dəvət üçün Sizinlə əlaqə saxlanılacaq. Müsabiqə test və müsahibə mərhələlərindən ibarətdir.

Göndərdiyiniz müraciət mövcud vakansiyaya uyğun olmadığı təqdirdə Sizin müraciət formanız təhsilinizə, ixtisasınıza uyğun gələcək vakansiyalar üçün Agentliyin məlumat bazasında saxlanılacaq.