Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə “Səyyar kofe evləri” layihəsi həyata keçirilib.
Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihə çərçivəsində Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 20 nəfər işsiz, barista sahəsində çalışmaq istəyən, 35 yaşadək olan şəxslərə səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər təqdim edilib.
Layihə iştirakçılarının seçimi zamanı barista sahəsi üzrə iş təcrübəsi olan şəxslərə, bu sahə üzrə təlim, seminar və bu kimi digər tədbirlərdə iştirak edənlərə, sahibkarlıq və idarəetmə təcrübəsi olanlara və "Məşğulluq haqqında" Qanuna əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə üstünlük verilib.
Uyğun namizədlər ilk olaraq biznes və peşə təlimlərinə cəlb olunublar. Təlimi uğurla başa vuran şəxslərə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib.
Qeyd edək ki, aktivlərlə təmin edilmiş şəxslər Bakı və Abşeron ərazisində fəaliyyət göstərməkdədirlər.