“Gənclərin biznes emalatxanası” layihəsi

“Gənclərin biznes emalatxanası” layihəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yeni layihəyə başlanılır.

 

“Gənclərin biznes emalatxanası (Youth Business Workshop)” adlanan layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi və peşə təhsilinə marağın artırılmasıdır.

 

2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələsində Qəbələ, Ağdam və Cəlilabad rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edəcəklər. Layihə çərçivəsində dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcəkdir.