"Brave Heart" Region Gənclərinin II Sahibkarlıq Forumu keçirilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının tərəfdaşlığı, Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Brave Heart" Region Gənclərinin II Sahibkarlıq Forumu keçirilib.  

 

Forumun keçirilməsində əsas məqsəd region gənclərinin sahibkarlıq fəaliyyətinə cəlb olunması, həvəsləndirilməsi, onların investisiya layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar haqqında məlumatlandırılması, öz bizneslərini qurmaları üçün lazım olan ilkin biliklərə sahiblənmələrinə və özünüməşğulluqlarının təmin edilməsinə şərait yaratmaqdır.

 

“Nizami ili”-nə həsr olunan Forum iki gün davam edib. Forumda panel müzakirələr ilə yanaşı, layihə iştirakçıları üçün “Biznes planın yazılması” mövzusunda interaktiv təlimlər keçirilib. Təlim müddətində gənclər biznes ideyalarına əsasən biznes plan hazırlanmasını öyrənməklə yanaşı, mövcud sahibkarlıq fəaliyyətlərini peşəkarların iştirakı ilə təhlil etmək və onlar üçün maraqlı olan suallar ətrafında müzakirələr etmək fürsəti də əldə ediblər. Uğurlu hesab edilən 10 biznes plan sahibi olan gənc Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilərək aktivlərlə təmin ediləcək. Daha sonra gənc sahibkarlara KOBİA tərəfindən mentor və hüquqi dəstək göstəriləcək.

 

Qeyd edək ki, “Brave Heart” Region Gənclərinin Sahibkarlıq Forumu ənənəvi xarakter daşıyır və ilk dəfə 2019-cu ildə Gəncə şəhərində keçirilib.