Laçında peşə yarmarkası keçirilib

15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub

 

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə olmaqla Laçında “Laçında peşə öyrən!” adlı Peşə yarmarkası keçirib. 

 

Yarmarka Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil olunub. 

 

Tədbirdə Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyin Quliyev, işəgötürənlər və tədris müəssisələrinin nümayəndələri iştirak edib.

 

Peşə yarmarkasında Laçın şəhəri və Laçının Zabux kəndi əhalisinə rayonda fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub, Accelerated Career Academy MMC və ELLİN MMC tərəfindən master-klaslar keçirilib. 

 

Yarmarkaya qatılan şəxslərə peşələr və həmin istiqamətlər üzrə tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumat verilib.

 

Bildirilib ki, Agentlik işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkili işlərini davam etdirir. Kurslara cəlb edilən şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıqlar öyrədilir. Kursları bitirənlərin işlə təminatına da dəstək göstərilir.

 

Yarmarka çərçivəsində həmçinin “Azərsun Holdinq”in milli markası olan “Azerçay” ilə birgə “Doğma Laçında Çay Festivalı” adlı korporativ sosial məsuliyyət layihəsi də həyata keçirilib. İştirakçılar üçün çay sərgisi, milli mətbəx guşəsi təşkil edilib. Layihə konsert proqramı ilə davam edib.