“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

“Agentlik tərəfindən hazırlanan rəqəmsal layihələr insan resurslarının fəaliyyətinin daha da yaxşılaşdırılmasında mühüm rola malik olacaq”

 

Bu fikirləri ölkəmizdə artıq yeddinci dəfə keçirilən Milli İnsan Resursları Forumunda açılış nitqi ilə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qeyd edib.

 

M.Abbasbəyli ölkə iqtisadiyyatının inkişafında və dayanıqlı məşğulluğun təminatında işəgötürənlərin verdiyi töhfənin əhəmiyyətini qeyd edib. İnsan resurslarının idarə olunmasından danışan sədr qeyd edib ki, hər bir qurum ən yaxşı işəgötürən brendini formalaşdırmaqda maraqlı olmalı və öz işçi heyətinin əmək bazarının tələblərinə uyğun olaraq inkişaf etdirilməsinə diqqət etməlidir.

 

M.Abbasbəyli həmçinin əmək bazarının data əsaslı təhlili və rəqəmsal ekosistemin yaradılması barədə də məlumat verib. Sədr, bu istiqamətdə ən önəmli alətlərdən biri olaraq “Əmək və məşğulluq” altsistemini qeyd edib və altsistemin kağız üzərində aparılan əməliyyatların rəqəmsal müstəviyə keçirilməsinə imkan yaratdığını vurğulayıb. “Məzunların məşğulluq reytinqi” platformasının həm gənclər, həm də işəgötürənlər üçün yaratdığı imkanlar barədə məlumat verib.

 

Eyni zamanda qeyd olunub ki, yaxın zamanda istifadəyə verilməsi planlaşdırılan “Məşğul şəxslərin reyetsri”, “Məşğulluq xəritəsi”, BACAR, Peşələr atlası kimi rəqəmsal layihələr ölkənin əmək bazarının rəqəmsal ekosistemə keçidi və insan resurslarının fəaliyyətinin daha da yaxşılaşdırılmasında mühüm rola malik olacaq.

 

Bu dəfə "Birlikdən qazan" şüarı ilə keçirilən Milli İnsan Resursları Forumunda insan resursları sahəsində tanınmış rəhbər şəxslər, peşəkarlar, dövlət rəsmiləri, iş adamları və sahibkarlar iştirak edib. Forumun panellərində “Top uğrunda mübarizə”, II panel “Mərkəz xətti”, III panel isə “Oyundan kənar vəziyyət” mövzuları müzakirə edilib.