Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev ilə görüşüb.

 

Mustafa Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri və hazırda reallaşdırılan layihələr barədə görüş iştirakçılarına məlumat verib. Agentliyin bir sıra yeniliklərə imza atdığını qeyd edən sədr rəqəmsallaşmanın prioritet istiqamət kimi müəyyən edildiyini diqqətə çatdırıb.

 

Beynəlxalq Miqrasiya Təşkilatının hökumətlərə və miqrantlara, o cümlədən məcburi köçkünlərin, qaçqınların və əməkçi miqrantların miqrasiyasına dair xidmətlər və məsləhətlər verən hökumətlərarası təşkilat olduğunu deyən Vladimir Gjorgjiev Azərbaycanda müxtəlif sahələrdə layihələrin uğurla icra olunduğunu bildirib.

 

V.Gjorgjiev hazırda Azərbaycanın qərb bölgəsində Kəhrizlərin Bərpası layihəsinin və Belçika, Fransa, Niderlanddan qayıtmış Azərbaycan vətəndaşlarına reinteqrasiyaya yardım göstərən AVRR proqramının (Assisted Voluntary Return and Reintegration – Könüllü Qayıdış və Reinteqrasiya Dəstəyi) həyata keçirildiyini qeyd edib.

 

Görüşdə hər iki layihə çərçivəsində iki qurum arasında əməkdaşlıq perspektivləri, ölkəyə qayıdan Azərbaycan vətəndaşları üçün özünüməşğulluq imkanları, Kəhrizlərin Bərpası layihəsi çərçivəsində keçmiş məcburi köçkünlərin aktiv məşğulluq tədbirlərinə cəlbi imkanları müzakirə edilib.

 

alt text

 

alt text

 

alt text