Şəhid övladlarının iştirakı ilə “Zəfər körpüsü” layihəsi həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Rabitəbank” ASC-nin birgə təşkilatçılığı ilə Zəfər günü ərəfəsində şəhid övladlarının iştirakı ilə “Zəfər körpüsü” layihəsi həyata keçirilib.

 

44 nəfər şəhid övladını əhatə edən layihənin məqsədi şəhid övladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hiss etdirmək, motivasiyasını artırmaq, uğurlu kadr kimi inkişaf etmələrini stimullaşdırmaqdır.

 

Layihə ilə bağlı keçirilən tədbirdə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Rabitəbank ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin, millət vəkili Sevinc Hüseynova, YAŞAT Fondunun müdir müavini Rəbiyyə Cəfərova, Nazirlik yanında İctimai Şuranın sədri Elşad Məmmədov və digər qonaqlar iştirak edib.

 

 S.Əliyev şəhidlərimizin əziz xatirələrinin daim ehtiramla yad edildiyini, onların əmanətlərinə, övladlarına daim xüsusi diqqət və dəstəyin göstərildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, layihə uşaqların intellektual inkişafı, yeni biliklər və bacarıqlar əldə etmələri üçün faydalı olacaq.

 

O.Gültekin qeyd edib ki, "Rabitəbank" ASC şəhid ailələrinə dəstək olmağı özünün korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu çərçivədə müxtəlif istiqamətli layihələr icra olunur.

 

Digər çıxış edənlər şəhid ailələrinə yönələn belə layihələrin icrasını yüksək qiymətləndiriblər.

 

 Tədbir “İnkişaf və imkanlar” mövzusunda panel müzakirə ilə davam edib. “Yüksəliş” müsabiqəsinin qaliblərindən ibarət spikerlər mövzu ilə bağlı sualları cavablandırıb, təcrübələrini bölüşüblər.

 

Həmçinin komanda müzakirələri, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib, şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz