Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilir - MÜSAHİBƏ

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də özünüməşğulluq proqramıdır. Özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Özünüməşğulluq proqramı Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən həyata keçirilir”.

 

Bu barədə Medianews.az-a açıqlamasında Dövlət Məşğulluq Agentliyinin (DMA) Məşğulluq tədbirləri departamentinin müdiri Pərviz Bənnalı bildirib.

 

O qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində DMA tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli olan işsiz və işaxtaran şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərrüfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilir.

 

P.Bənnalının sözlərinə görə, qeyd edilən kateqoriyalara aid vəəndaşlara proqram çərçivəsində dövlət vəsaiti hesabına birbaşa mal və materiallar formasında aktivlər verilir: “Proqram kənd təsərrüfatı, istehsal və ya xidmət sahələrini əhatə edir. Zərflər barədə detallı məlumatla Dövlət Məşğulluq Agentliyinin rəsmi saytından da əhatəli məlumat almaq mümkündür. Amma bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər (işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər istisna olunmaqla), eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər. Proqramın icrası zamanı şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ünvanlı dövlət sosial yardımı alan şəxslər, əlilliyi olan şəxslər və 18 yaşadək əlilliyi olan şəxslər, 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə müəssisəsindən azad edilmiş işsiz şəxslər üstün hüquqa malikdirlər”.

 

DMA-nın departament müdiri deyib ki, özünüməşğulluq proqramının hər bir mərhələsi növbəli qaydada icra olunur: “Proqrama müraciət etmiş vətəndaşların növbəliliyi qeyd olunan kateqoriyalar üzrə meyarlar əsasında müəyyən edilir. Vətəndaşlar öz növbələri barədə məlumatı məşğulluq filiallarından və ya Agentliyin saytında yaradılan növbəlilik reyestrindən əldə edə bilirlər. Özünüməşğulluq proqramının əhatə dairəsi 2017-ci illə müqayisədə 10 dəfədən çox artırılmış və illik 17 min nəfərə çatdırılmışdır. Proqramın icrasına başlanıldığı 2017-ci ildə 1172, 2018-ci ildə 6326, 2019-cu ildə 9554, 2020-ci ildə 11 917, 2021-ci ildə 16 232, 2022-ci ildə 16 097, 2023-cü ildə 17 362 nəfər özünüməşğulluğa cəlb olunub. Özünüməşğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla “Məşğulluğa dəstək layihəsi”, “Özünüməşğulluğa dəstək”, “Səyyar kofe evləri”, Həmkarlar İttifaqları ilə özünüməşğulluğa dəstək, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “Kəndlərdə heyvandarlıq sahəsində ailə biznesinin və özünüməşğulluğun inkişafı”, “Potensial ABAD-çılara dəstək”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı – 2023”, “Qarabağ KOB-ları” layihələri də icra edilib”.

 

P.Bənnalı söyləyib ki, vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək, ideya və təklifləri qəbul etmək məqsədilə Agentlik tərəfindən “İdeya qutusu” layihəsi də icra edilir: “Layihə çərçivəsində üç istiqamət üzrə ideyalar qəbul edilir, bunlardan biri də özünüməşqulluq zərflərinin təkmilləşdirilməsidir. İrəli sürülən bütün ideyalar emal edilir, araşdırılır və uyğun görüldüyü təqdirdə ilkin olaraq pilot versiyada həyata keçirilir. Cari ildə özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sayının artırılması və yeni sahibkarlıq subyektlərinin yaradılması məqsədi ilə Agentlik tərəfindən bazar araşdırması nəticəsində aparılıb. Təhlillərə əsasən, mövcud 18 zərfin tərkibi rəqabət qabiliyyətli məhsulların istehsalı, artan həcmdə mənfəətin alınması və rentabellik səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə optimallaşdırılıb. Həmçinin təhlillər əsasında potensial biznes ideyalar üzrə aktual və iqtisadi cəhətdən dayanıqlı 13 yeni zərf yaradılıb”.

 

DMA-nın departament müdiri vurğulayıb ki, şəxslərin özünüməşğulluğa cəlb olunması zamanı yarana biləcək neqativ halların qarşısının alınması, şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması və ədalət prinsipinin qorunub saxlanılması məqsədilə “Növbəlilik reyestri” hazırlanaraq istifadəyə verilib: “Vətəndaş məmnunluğunun artırılması, müraciət etmiş hər bir vətəndaşa real vaxt rejimində öz növbəsini izləmək imkanının yaradılması məqsədilə özünüməşğulluğun növbəlilik reyestri ictimaiyyətə açıq şəkildə Agentliyin rəsmi internet saytında yerləşdirilib. Gələcək planda kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə zərflərin tərkibinin, idarəetmə və koordinasiya mexanizminin təkmilləşdirilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması, iqtisadiyyatın inkişafının və vətəndaşların sosial rifahının yüksəldilməsi əsas prioritet istiqamətlərdəndir”.