Yeni texnologiyalar əmək bazarına necə təsir edir?

“Yeni texnologiyaların tətbiqi əmək bazarında daha çox həssas qruplardan olan insanlara təsir edir”.

 

Bu fikri Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili departamentinin müdiri Elman Sadıqov vergiler.az saytına açıqlamasında səsləndirib. Onun sözlərinə görə, bu baxımdan son dövrlərdə süni intellektin yaratdığı çağırışlar da diqqət mərkəzindədir: “Yeni texnologiyaların tətbiqinin təsirləri artıq hiss olunmağa başlayıb. Bunun böyük təsirini heç bir təhsili, peşə və bacarığı olmayanlar hiss edir və edəcək. Çünki texnologiya və robotlar daha çox fiziki qüvvə tələb edən işləri əvəz edirlər və hazırda da bu proses sürətlə davam edir. Növbəti narahatlıq doğuran mərhələ süni intellektin insan intellektini hansı dərəcədə əvəz edərək əmək bazarından kənarlaşdıra bilməsidir”.

 

E.Sadıqovun sözlərinə görə, ancaq sevindirici hal odur ki, proses birtərəfli getmir, texnologiyalardan istifadə həm də yeni iş yerləri yaradır. O, məhz yeni yaranmaqda olan və yaranacağı ehtimal olunan iş yerlərinə dair tələblərin müəyyən olunmasının, onlar üçün ixtisaslı kadrların vaxtında hazırlanmasının vacibliyini vurğulayıb: “Əslində yeni texnologiyaların tətbiqinin əmək bazarına təsirinə baxışımız belədir ki, hər hansı bir iqtisadiyyat texnologiyaların, robotlaşma və süni intellektin tətbiqinə nə qədər yaxşı hazırlaşıbsa, həmin iqtisadiyyatda işsizlik riski o qədər aşağı olacaq. Həmin iqtisadiyyat işsizliklə deyil, əmək bazarının transformasiyası ilə üzləşəcək. Bu halda yeni peşələr sıradan çıxan, tələb azalan peşələr üzrə yaranan işsizliyi kompensasiya edə biləcək”.

 

E.Sadıqov bildirib ki, əmək bazarında tələb iqtisadiyyatın ayrı-ayrı sektorları və sahələrində formalaşır: “İqtisadiyyatın ayrı-ayrı sektorlarında əmək bazarının təhlili və həmin təhlillərin konsolidasiyası həm bir çox potensial imkanları, həm də çağırışları, həlli vacib məsələləri əks etdirir. Bunu vurğulamaq vacibdir ki, bu gün əmək bazarında fiziki kadr potensialı yüksəkdir. Sevindirici haldır ki, bu potensialın böyük hissəsi gənclərdir. Yəni fiziki işçi qüvvəsi çatışmazlığı yoxdur. Ancaq onların əmək bazarının tələblərinə nə dərəcədə cavab verməsi həlli vacib məsələdir. Həm ali təhsillilərin, həm də peşə və ixtisas sahiblərinin kəmiyyət və keyfiyyət baxımından əmək bazarının tələblərinə uyğunluğunu öyrənmək üçün bu sahədə geniş və dərin araşdırmalarımız olub. Ali və peşə təhsilli kadrların saylarının kəmiyyət və keyfiyyət baxımından artırılması ilə bağlı müvafiq fərman və sərəncamlar, strategiyalar imzalanıb və qəbul olunub. Bu proqram və tədbirlərin icrasında isə əsas düşündürücü məsələ hədəflənən kəmiyyət artımlarının keyfiyyətə mənfi təsir etməməsi ilə bağlıdır”.

 

E.Sadıqov hazırda dünyada məşğulluq sahəsində kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin böyük rola malik olduğunu vurğulayaraq, ölkəmizdə də məşğulluqda onların payının daha da artırılmasının vacibliyini qeyd edib: “KOS subyektlərinin məşğulluqda paylarının artırılması üçün müvafiq qurumlar tərəfindən addımlar atılır. Təhlillərin ortaya çıxardığı əsas məsələlərdən biri də təhsil və sənayenin, iqtisadiyyatın qarşılıqlı əlaqələrinin, əmək bazarında kadrların praktik biliklərinin tələblərə cavab verməsi baxımından vacibliyidir”.