Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduAzərbaycanda şəhid ailələrinin üzvləri və müharibə qazilərinin işlə təmin olunması üçün yeni layihəyə başlanılıb. Layihə çərçivəsində dövlət və özəl şirkətlərin dəstəyi ilə bu şəxslər üçün ayrıca vakansiyalar - boş iş yerlərinin siyahısı toplanacaq və işə ehtiyac olan qazilər bu şirkətlərə göndəriləcək.
Dövlət qurumları sahibkarlara, biznesə müraciət ediblər ki, bu layihəyə qoşulsunlar və onların ailə üzvlərinin işlə təminatında yaxından iştirak eləsinlər.
İş adamlarını maraqlandıracaq digər maraqlı yenilik isə işə qəbul edilən bəzi işçilərin əmək haqqının 50%-nin, bəzən isə 100%-nin dövlət tərəfindən ödənilməsi olacaq.
Yeni layihənin detalları, ümumiyyətlə bu sahədə yeniliklərlə bağlı FED.az-ın suallarını Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli cavablandırır.
- Mustafa müəllim, əslində bu layihə, necə deyərlər, havadan asılmışdı artıq, hiss olunurdu ki, belə təşəbbüs olmalıdır və indi başlanıb. Əvvəlcə bunun detalları barədə məlumat verərdiniz - söhbət şəhid ailələrinin və qazilərin hansı formada işlə təminatından gedir? Dövlət bunnula bağlı özəl sektora, biznesə nə təklif edir?
- Ümumiyyətlə, Müzəffər Ordumuzun şanlı qələbəsindən sonra hələ noyabr ayından etibarən həm nazirlikdə, həm də Məşğulluq Agentliyində geniş tədbirlər planı hazırlandı. Məşğulluq Agentliyində təsdiq olunan plan 12 bənddən ibarətdir və burada geniş istiqamətlər müəyyən olunub. Tədbirlər planının əsas mahiyyəti şəhid ailə üzvlərinin, müharibə əlillərinin, müharibə qazilərinin və iştirakçılarının məşğulluqlarının müxtəlif istiqamətlərində təminatına yönəldilib.
- Deməli, indiyədək bu işlərə başlanılıb, ilkin nəticələr varmı?
- Bəli, biz bu müddət ərzində həmin kateqoriyadan olan şəxslərin məşğulluğuna töhfə verməyə çalışdıq. İyun ayında isə qərara gəldik ki, bu istiqamətdə bir estafet elan eləyək və ilk olaraq özümüzdən başlayaq. Yəni nazirlik olaraq biz bir neçə qazimizin məşğulluğunu özümüzdə təmin edək və estafeti digər tərəflərə ötürək və belə bir məşğulluq marafonu adlı geniş bir layihəyə start verdik.
- Söhbət konkret nədən gedir?
- Biz özəl sektora – şirkət və sahibkarlara çağırış etdik ki, onlar məxsusi olaraq qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğu üçün vakansiyalar yerləşdirsinlər. İndiyədək bu layihə kifayət qədər geniş vüsət alıb - bu günə sistemdə qazilər və şəhid ailələrinin üzvləri üçün artıq 900-ə yaxın vakansiya yerləşdirilibdir, təxminən 200 şirkət öz vakansiyalarını müəyyən edibdir və hər gün bu vakansiyaların sayı artır. Hətta elə sürətlə artır ki, biz o vakansiyalara işçi tapmağı çatdırmırıq.
Bu baxımdan bizim marafon böyük önəm kəsb edir. Çünki bilirsiniz ki, bizim müharibədə iştirak edənlərin böyük əksəriyyəti gənclər idi və onlar müharibədən qayıtdıqdan sonra onların qayğısına qalmaq bir tərəfdən dövlət olaraq bizim vəzifə borcumuzdur. Digər tərəfdən isə dövlət-özəl tərəfdaşlıq çərçivəsində bizim özəl təşəbbüslərin, özəl şirkətlərin, özəl işə götürənlərin də bu prosesə qoşulması tək vəzifə borcu deyil, eyni zamanda, mənəvi, vətəndaşlıq borcumuzdur.
Özəl sektorun buna belə reaksiyası təbii ki, bizi çox sevindirir və bu layihəyə kifayət qədər ümid bəsləyirik ki, böyük bir kəsim qazilərimizin, gənc qazilərimizin işlə təmin olunmasına dəstək ola biləcəyik.
- Bəs bu prosesə necə qoşulmaq olar? Yəni tutaq ki, hansısa şirkət bu vakansiya elan etmək prosesə qoşulmaq istəsə, nə etməlidir?
- Burada iki əsas istiqamət var. Birinci, vakansiyaların toplanması, yəni işə götürənlərin müraciətlərinin qəbul olunması, ikinci, həmin vakansiyalara qazilərimizin yerləşdirilməsi.
Birinci istiqamət üçün biz xüsusi imkan yaratdıq. Nazirliyin saytı və agentliyin saytı üzərindən online platforma yaradıldı və bu, bütün işə götürülənlərə göndərildi. Yəni işə götürən (işçi axtaran) şirkət elan etmək istədiyi vakansiyanın məlumatlarını bu onlayn platformaya daxil edir, orada vakansiya, işin nədən ibarət olduğunu, şərtləri, yaş və digər tələbləri, ixtisasları və digər məsələləri qeyd edir. Həmin məlumatlar real vaxt rejimində bizə ötürülür və biz də onu reyestrə daxil edirik.
Hal-hazırda bizdə - Agentlikdə vakansiyaların reyestri ilə işləmək üçün heyət formalaşdırılıb. Bu heyət həm vakansiyaları, həm də qazilərin müraciətlərini təhlil edib, filtrdən keçirdib işə götürənin ehtiyacına uyğun, peşə və əmək bazarı tələblərinə uyğun olan doğru şəxsləri müəyyən edib, həmin vakansiyalara göndəriş verir.
- Yəni şirkət məhz qazilər və şəhid ailəsinin üzvlərini işə götürmək üçün Dövlət Məşğulluq Agentliyinin saytında «Layihələr və məşğulluq marafonu» bölməsinə daxil olub buraya vakansiya yerləşdirir. Bu iş yerləri də yalnız həmin təbəqəyə yönələcək, eləmi?
- Bəli, bu vakansiyalar yalnız qazilərimizin və şəhid ailə üzvlərimizin məşğulluğunun təmin olunmasına yönəlir. Məşğulluq Agentliyi də öz növbəsində indiyə kimi qeydiyyatdan keçən qazilər və şəhid ailəsi üzvlərini bu vakansiyalara yönəldir.
- İndiyədək bu üsulla neçə nəfər işlə təmin edilib?
- Hələlik bu say kiçikdir, çünki layihə yeni başlayıb. Həm də biz ilk növbədə, vakansiyaların toplanması ilə məşğul idik, ötən həftədən etibarən isə ikinci mərhələyə - vakansiyalara göndərişlərin verilməsinə başlanılıb.
Yeri gəlmişkən, bunu xüsusi qeyd edim ki, nazirlik olaraq bizdə, həm şəhid ailələri üzvlərinin, həm də qazilərimizin siyahıları, onlarla bağlı bütün məlumatlar var. Bununla yanaşı, marafon çərçivəsində öz məşğulluğunu təmin etmək istəyən şəhid ailələləri üzvləri və qazilərimiz Agentliyin saytında yaradılmış xüsusi pəncərə vasitəsilə də öz məlumatlarını elektron qaydada bizə göndərə bilər. Biz də Agentlik olaraq həmin məlumatları təhlil edərək vakansiyalara uyğunluğunu müəyyən edirik, onları bölgələr və peşələr üzrə çeşidləyirik və artıq göndərişləri formalaşdırırıq. Bu günə qədər 50-dən artıq adam işə qəbul edilib. Qeyd etdiyim kimi, birinci belə şəxsi biz özümüz agentlik olaraq işə qəbul etmişik.
- Mustafa müəllim, bu layihə və təşəbbüs vasitəsilə ümumilikdə neçə nəfərin işlə təmin olunmasından söhbət gedir?
- Ümumi rəqəmlərimiz var, əlbəttə. Məlum olduğu kimi, 3 minə yaxın şəhid ailə üzvümüz, təxminən 12-13 min də qazimiz var. Bizdə bu siyahılar var və bizə də də bu siyabu siyahılar qeyd etdiyim kimi, bizdə var və biz də onun üzərnidən hərəkət edirik. Yəni təxminən 15-18 min insanın məşğulluğundan söhbət gedir. Təbii ki, bunların hər birinin məşğulluq, işə düzəlmə imkanı olmaya bilər, buna istəyi və ya ehtiyacı olmaya bilər. Ona görə də biz ehtimal eləyirik ki, bu layihə ilə 20-30 faizin məşğulluğunu təmin eləyə bilsək, bu, kifayət qədər böyük bir rəqəmdir.
- Dediyiniz kimi, bu işlərə noyabrdan başlanılıb. İndiyədək işlə təmin olunanlar varmı?
- Əlbəttə, biz ümumiyyətlə, noyabr ayından etibarən bu iki kateqoriyadan olan şəxslərimizin təxminən 7000-ə yaxınının məşğulluğunu artıq təmin etmişik. 5 minə yaxın şəxsi (bunun 3 minə yaxını qazilərimiz, digər hissəsi isə şəhid ailə üzvü olmaqla) özünüməşğulluğa cəlb etmişik və onlara aktivlərin verilməsinə keçən aydan başlanılıb. 1000-ə yaxın şəxsi münasib işlərə - ictimai və digər işlərə cəlb etmişik. Digər tərəfdən, 100-dən artıq şəxsin əməkhaqqının birgə maliyyələşməsinə dair layihəmiz var, o layihə çərçivəsində biz o şəxsləri özəl sektorda işlə təmin etmişik. Kvota üzrə əlil və digər həssas kateqoriyadan olan, yəni müharibədə əlilliyi təsdiq olunmuş şəxsin kvota ilə işə cəlb olunması prosesini həyata keçirmişik. Beləliklə, ümumilikdə artıq 7000-ə yaxın şəxsin məşğulluğunu təmin etmişik. Bu, o deməkdir ki, biz hədəf götürdüyümüz kateqoriyanın təxminən 50 faizə yaxınının məşğulluğu artıq təmin edilmiş vəziyyətdədir. İndi bizim hədəfimiz qalan 50 faizin, daha dəqiqi onlardan məşğulluq istəyi, ehtiyacı olanların məşğulluğunun təmin edilməsidir.
- Mustafa müəllim, siz birgə maliyyələşmə layihəsini xatırlatdınız. Bir qədər əvvəl Məşğulluq Agentliyi bununla bağlı layihəyə başlamışdı ki, şirkət və ya sahibkar müxtəlif təbəqələrdən olan şəxsləri işə götürürsə, onun maaşının yarısını, bəzi hallarda isə 100 faizini dövlət ödəyir. Bizim sahibkarlar bu layihəyə nə qədər həvəs göstərdilər və bununla bağlı yenilik varmı?
- Ümumiyyətlə, mən qeyd edim ki, Dövlət Məşğulluq Agentliyi olaraq, bizim 23 əsas fəaliyyət istiqamətimiz var və bunların 16-sı birbaşa bizim cəmiyyətin, yəni iş axtaran və işsizlərin məşğulluğunun təmin olunmasına yönəlik aktiv məşğulluq tədbirləridir. Onlardan da 1-i məhz əməkhaqqının birgə maliyyələşməsi proqramıdır. Bu proqramla bağlı, biz keçən il avqust ayında qanunvericilikdə müvafiq dəyişikliklər həyata keçirtdik. Bu proqrama əlçatanlığı artırmağa çalışdıq, proqramın şərtləri kifayət qədər yüngülləşdi və bu andan etibarən biz bu proqramın belə deyək, geniş tətbiqinə başladıq.
- Yüngülləşmə və əlçatanlığın artması nədən ibarət idi?
- Yüngülləşmə ondan ibarət idi ki, burada şirkətlərin seçimi ilə bağlı müəyyən məhdudiyyətlər var idi, orada vergi öhdəlikləri, digər məsələlər – şirkətin həcmi və sair. Bu tələblər yüngülləşdirildi.
- Bəli, xatırlayıram, o tələblər elə çətin idi ki, bəzən deyirdilər ki, belə bir şirkət tapmaq ümumiyyətlə mümkün olmayacaq...
- Bəli, doğrudan da o kateqoriyaya uyğun gələn şirkətləri tapmaq çətin idi. Biz bunları kifayət qədər yüngülləşdirdik. Hal-hazırda kifayət qədər geniş müraciətlər var bu sahəyə. Şərtlər və əsas məsələ ondan ibarətdir ki, bu layihə prioritet peşələrə aid olmalıdır Yəni bu gün biz bu layihə çərçivəsində elə peşələrə üstünlük veririk ki, onlar Azərbaycan iqtisadiyyatına lazımlı, prioritet sayılsın. Eyni zamanda, bu göndərişlərin yenə də həssas kateqoriyalara aid olması çox vacibdir. Burada yenə də şəhid ailə üzvlərindən, qazilərdən, əlillərdən, pensiya yaşına iki ildən az vaxt qalmış şəxslər və digər aztəminatlı ailələr və digər kateqoriyalara münasibətdə göndərişlər lazımdır.
- Bu siyahıda tənha analar varmı?
- Tənha analar, təkbaşına uşaqları böyüdən analar var, cəzaçəkmə müəssisəsindən azad olmuş şəxslər də var. Yəni həssas kateqoriyadan olan şəxslərin məşğulluğu bu formada təmin olunur. Şərtlər ondan ibarətdir ki, biz 3, 6, 9 və 12 ay ərzində əməkhaqqının 50 faizə qədərini dövlət tərəfindən İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına maliyyələşdiririk. Yeganə şərt, yəni şirkət üçün yeganə tələb ondan ibarətdir ki, şirkət həmin şəxslə 2 illik əmək müqaviləsi imzalamalıdır, vəssalam.
- Yəni şirkətə göndəriş göndərildi, şirkət işçi ilə iki illik müqavilə bağlayır, bilir ki, bunun bir ilində maaşın yarısını Dövlət Məşğulluq Agentliyi yəni dövlət tərəfindən ödəyəcək, qalan hissəsini də artıq şirkət özü ödəyəcək, eləmi?
- Tamamilə doğrudur. Bunun davamı olaraq, siz qeyd etdiniz 100 faizə qədər maliyyələşmə məsələsi, bizim kvotadan əlavə iş yerlərinin yaradılması deyə əlavə bir fəaliyyət istiqamətimiz də var, həmin fəaliyyət istiqamətinin, biz hal-hazırda indi onun üzərində işləyirik ki, onunla da bağlı geniş bir layihəyə start verək, o layihə çərçıvəsində biz eyni proqramın bu dəfə 50 faiz deyil, 100 faizə qədər maliyyələşdirilməsi imkanımız olacaqdır və təbii ki, bu da bizim şirkətlər və sahibkarlar üçün daha maraqlı, cəlbedici bir layihə olacaq.
- Bir qədər əvvəl İnzibatı Xətalar Məcəlləsinə dəyişiklik edildi, və nəticədə əmək qanunvericiliyinə nəzarət üçün, belə deyək, «online radar» işə düşdü. Yəni sahibkarların kvotalara əməl edib etməməsinə sistem nəzarət edəcək. Halbuki indiyədək belə hallara nəzarət eləmək üçün əvvəllər əmək müfəttişləri getməli və aşkar etməli idilər. İndi sahibkarların kvotaya əməl edib etməməsi dərhal bilinəcək. Belə vəziyyətdə isə sahibkarlarımızın çoxuna belə həssas təbəqədən olan insanlar lazımdır ki, onları işə götürsünlər ki, cərimələnməsinlər. Sahibkarlar belə şəxsləri haradan tapa bilərlər, Məşğulluq Agentliyi onlara bu məsələlərdə kömək eləyirmi?
- Doğrudan da, əvvəllər bu sistem, fiziki formada aparılırdı, sizin qeyd etdiyiniz kimi, kvotalar ərazi məşğulluq proqramları ilə müəyyən olunurdu və tamamilə pərakəndə hal daşıyırdı. Tutaq ki, hər hansı yerli icra hakimiyyəti orqanı o bölgədə olan müəssisələrin üzərinə müəyyən öhdəliik qoyurdu ki, tutaq ki, bu müəssisə bir nəfəri işə götürsün, digər müəssisə iki nəfəri və sair.
Biz bunu hal-hazırda tam elektronlaşdırırıq və dərhal da nəticələr hiss olunur. Ərazi məşğulluq proqramlarında il ərzində təxminən 2000-ə yaxın kvota üzrə iş yeri mövcud idisə, artıq biz bunu 6000-nin üzərinə çıxartmışıq, yəni üçqat artırmışıq. Bu da nəyin hesabına başa gəlib - biz artıq elektron resurs vasitəsilə işə götürənin ştat cədvəllərini təhlil edirik və işə götürənin ştat sayına uyğun olaraq, kvota yerləri müəyyən edilir.
- Yəni boş kvota yerləri daha «yaxşı görünür»...
- Əlbəttə, buna artıq fiziki insan resursuna ehtiyac yoxdur, sistem özü bunu monitorinq edir, hər işə götürəndə kvota üzrə iş yerlərinin sayını müəyyən edir və işə götürənə bir bildiriş verilir ki, sizin tutaq ki, 100 nəfərlik ştatınız var, siz 4 nəfər həssas kateqoriyadan şəxsi kvota üzrə iş yerinə cəlb etməlisiniz. Bu 4 nəfərin 50 faizi, yəni 2 nəfəri əlilliyi olan şəxslər olmalıdır, digər 2 nəfəri isə bayaq sadaladığım o kateqoriyalardan istənilən kimsə ola bilər. Burada isə biz Dövlət Məşğulluq Agentliyi olaraq, təbii ki, həmin yerlərə o kateqoriyadan olan insanların tapıb göndərilməsini həyata keçirməliyik. Bununla da bağlı bizim hal-hazırda çox ciddi işlərimiz gedir ki, orada biz təhlilləri o şəkildə aparaq ki, məhz işə götürənin axtardığı vakansiyaya uyğun işsiz və bu kateqoriyadan olan şəxsləri biz tapıb düzgün istiqamət verə bilək.