Zorakılıq qurbanı olan yetkinlik yaşına çatmayanlar və gənclər üçün təlim təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti görüş baş tutub.

 

Bu dəfəki görüşdə sosial-psixoloji reabilitasiya fəaliyyətinə cəlb olunan zorakılıq qurbanı uşaq və yeniyetmələr üçün “Uşaq, yeniyetmə və gənclərin inkişafının təmin edilməsi” və “Peşə hazırlığının təşkili və əmək bazarına inteqrasiya” mövzularına həsr olunan təlim keçirilib. Yeniyetmə və gənclər müasir dövrə uyğun olaraq düzgün peşə seçimi, əmək bazarı haqqında bir sıra vacib biliklərə yiyələniblər və onları maraqlandıran suallar cavablandırılıb.

 

Görüşdə, həmçinin uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi və hüquqların bərpası, yeniyetmə və gənclərin inkişaf imkanları, onların təhsili, müasir peşə və ixtisaslar, eləcə də peşə hazırlığı və peşə bacarıqlarının aşılanması mexanizmləri, əmək bazarının dəyişən tendensiyası və onların əmək bazarına inteqrasiyası barədə ətraflı məlumat verilib.