Dövlət-Biznes Əməkdaşlığı Forumunun üçüncü panelində biznes birliklərinin əmək bazarının inkişafında rolu müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq Həftəsi” çərçivəsində ölkəmizdə ilk dəfə keçirilmiş Dövlət-Biznes Əməkdaşlığı Forumunun üçüncü paneli “Biznes birliklərinin əmək bazarındakı rolu, sosial məsuliyyət və birgə təşəbbüslər” mövzusuna həsr olunub.
 

Panelin spikerləri İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev, Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Emin İlyas, Azərbaycan Hotel Assosiasiyasının sədri Eldar Əlimuradov və “MarsolGroup” MMC-nin direktoru Bilal Qasımlı olub. Panelə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev moderatorluq edib.
 

Müzakirələr zamanı biznes birliklərinin əmək bazarının inkişafında və məşğulluğun təşviqində rolu, işəgötürənlərin sosial məsuliyyətinin artırılması, dövlət və özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub. Həmçinin biznes birliklərinin birgə təşəbbüslərin həyata keçirilməsində iştirakı, işəgötürənlərin məşğulluq proseslərinə daha fəal cəlb olunması və əmək bazarının tələblərinə uyğun əməkdaşlıq mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb, auditoriyanın sualları cavablandırılıb.
 

Qeyd edək ki, “Gülüstan” sarayında təşkil olunmuş, “İmkanlar və inam” devizi ilə keçirilmiş forum dövlət qurumları ilə özəl sektor arasında əmək və məşğulluq sahəsində birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı daha da artırmaq, yeni tərəfdaşlıq imkanları yaratmaq, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığını artırmaq, əmək bazarında aktual məsələləri müzakirə edərək birgə həll yollarını müəyyənləşdirmək məqsədi daşıyıb.