Daha 200-dək şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən özünüməşğulluq proqramı çərçivəsində sosial cəhətdən həssas qrupdan olan vətəndaşlar üçün fərdi təsərrüfatların yaradılması işləri davam etdirilir.  

 

Bu sahədə işlərin davamı kimi, bu gün daha 200-dək işsiz şəxsə mal və materiallar formasında aktivlər təqdim edilib. Verilmiş avadanlıqlar hesabına onlar üçün istehsal-xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb.

 

Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 2500-dən çox işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.

 

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.

 

Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes planlarına uyğun aktivlərlə təmin olunurlar.