Dövlət Məşğulluq Agentliyi UNEC-lə əməkdaşlığa başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında Memorandum imzalanıb.

 

Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Universitetin və Agentliyin nümayəndələri iştirak ediblər.

 

Ədalət Muradov məzunların işlə təmin olunmasının Universitetin əsas hədəflərindən biri olduğunu deyib, məzunların bilik və bacarıq səviyyəsinə görə UNEC-in məsuliyyət daşıdığını, Universitetin məzunlarının gələcək karyera inkişafının, gələcəkdə işə qəbul müsahibələri üçün zəruri bilik və bacarıqlara malik olmalarının təmin edilməsinin daim diqqətdə saxlandığını qeyd edib.

 

Rektor Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından əminliyini ifadə edib.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının mahiyyətindən və əmək bazarında işçi qüvvəsinə olan tələblərdən bəhs edib. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən M.Abbasbəyli ixtisasla yanaşı, peşə bacarıqlarına yiyələnməyin vacibliyini diqqətə çatdırıb.

 

O, Agentliyin qarşısında duran vəzifələrdən birinin məhz təhsil müəssisələri ilə düzgün əməkdaşlığın formalaşdırılmalı olduğunu deyib. UNEC məzunlarının öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutduqlarını diqqətə çatdıran sədr qarşılıqlı əməkdaşlığın məzunların məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcəyini vurğulayıb.

 

Memoranduma əsasən, tərəflər arasında “UNEC Məzunlarının Məşğulluğu” layihəsinin həyata keçirilməsi, tələbə və məzunların məşğulluq sahəsində maarifləndirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, tələbələrin təcrübə proqramlarına cəlb olunması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.