Tovuz şəhərində Gənc Sahibkarların III Forumu keçirilib

Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Tovuz şəhərində Gənc Sahibkarların III Forumu keçirilib. Məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərin öyrənilməsi olub.

 

Forumda gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev çıxış ediblər.

 

Rəsmi açılış mərasimindən sonra müxtəli mövzularda panel və uğur qazanmış gənclərin çıxışları olub. Əsas başlığı “Gənc sahibkarlara dövlət dəstəyi: imkanlar və çağırışlar” mövzusu olan panel müzakirələrdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsi və Dövlət Vergi Xidmətinin gənc sahibkarlarla bağlı gördüyü işlər və dövlət dəstəyi mexanizmləri barədə birgə müzakirələr aparılıb.

 

Forum TEDx formatında “Maliyyə sektorunun gələcəyini texnologiya necə dəyişəcək”, “Sadə idarəetmə” mövzusunda təqdimatlarla davam edib.