Tələbələr təhsil və təcrübə imkanları barədə məlumatlandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti “TİPx 5: Limitsizsiniz” adlı konfrans keçirilib.

 

Sayca 5-ci dəfə keçirilən konfransda müxtəlif ali təhsil müəssisələrində təhsil alan 100-dən çox tələbə, Agentliyin nümayəndələri və ekspertlər iştirak edib.

 

Konfransda çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev hazırda həyata keçirilən layihələr və yeniliklər barədə məlumatlar verib, əmək bazarına keçid etməyə hazırlaşan tələbələr, məzunlar, gənclər üçün yaradılan imkanlardan bəhs edib. 

 

Daha sonra konfransın spikerləri “Bir dəfə Avropada”, “Azad olmaq üçün çalışmaq”, “Rayondan kəndə”, “Şəxsi Brendinq 103-karyeranıza təcili yardım” mövzularında təqdimatlar edib, tələbələri xaricdə qısamüddətli təhsil və təcrübə proqramları, şəxsi inkişaf, sərbəst iş rejimi, şəxsi brendinqin əhəmiyyəti barədə məlumatlandırıb, peşəkar əmək fəaliyyəti üzrə təcrübə və tövsiyələrini paylaşıblar. 

 

Qeyd edək ki, bu günə qədər TİPx layihəsi çərçivəsində keçirilən görüşlərdə 700-ə yaxın tələbə iştirak edib. Məqsəd tələbələri təhsil fürsətləri barədə məlumatlandırmaq, özünüinkişaf və karyera planlaması istiqamətində dəstək göstərməkdir.