Tələbə və şagirdlərə peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən hədəf qruplarına peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi davam edir.

 

Budəfəki tədbirlər Quba-Xaçmaz, Qarabağ və Dağlıq Şirvan Regional Məşğulluq filialları tərəfindən həyata keçirilib.

 

Təhsil Nazirliyi nəzdində Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində keçirilən görüşdə 7-8-ci sinif şagirdlərinə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, əmək bazarında tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verilib. Daha sonra şagirdlər filialın əməkdaşları ilə birgə Quba şəhərində yerləşən “Quba Çörək” MMC-yə ekskursiya ediblər. Burada müasir avadanlıqlarla çörək və digər un məmulatlarının hazırlanma texnologiyası və istehsal prosesi ilə tanış olublar.

 

Ağsu şəhəri 3 saylı tam orta məktəbin 9-11-ci sinif şagirdlərinin isə “Azgranata” MMC-yə ekskursiyası təşkil olunub. Məktəblilər istehsal prosesi ilə tanış olub, sualları cavablandırılıb.

 

Qarabağ Regional Məşğulluq filialı tərəfindən isə Bərdə Peşə Liseyində tələbələrlə görüş keçirilib. Onlara Agentliyin fəaliyyəti, həyata keçirilən layihələr, əmək bazarında peşə təhsilinin önəmi, əmək bazarına daxil olmağa hazırlaşan şəxslər üçün yaradılan imkanlar barədə məlumat verilib. Görüşdə Bərdə Peşə Liseyi ilə gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün ilkin razılıq əldə olunub.