Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik” Forumu və “Yaşıl iş yerləri” sərgisi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Sumqayıt Dövlət Texniki Kollecinin dəstəyi, SOCAR Polimer MMC-nin baş sponsorluğu, “Sumqayıt Texnologiyalar Parkı” MMC və “Glensol” şirkətinin sponsorluğu ilə “Yaşıl dünya naminə həmrəylik” Forumu və “Yaşıl iş yerləri” sərgisi keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutan tədbirdə Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Universitetin rektoru Rüfət Əzizov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, digər ali məktəblərin rektorları, müəllim və tələbələr, habelə Sumqayıtda fəaliyyət göstərən sənaye müəssisələrinin nümayəndələri iştirak edib.

 

Tədbirdə çıxış edən Mustafa Abbasbəyli qlobal iqlim dəyişikliyinin əmək bazarına təsirindən danışıb. Bildirib ki, qlobal dəyişikliklər yeni çağırışlar, bir çox yeni peşələr yaradır və bəzi peşələr sıradan çıxır. Yeni çağırışlara hazırlıqlı olmaq və yaşıl enerjiyə keçidin tələblərinə cavab verən kadr potensialını formalaşdırmaq vacibdir. M.Abbasbəyli  Agentliyin hazırladığı “Məzunların məşğulluq reytinqi” platforması haqqında da danışıb. Bildirib ki, bu platformanın məqsədi abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır. Platforma universitetlər arasında rəqabəti gücləndirəcək, əmək bazarına hazırlıqlı məzunların yetişdirilməsinə və gələcəkdə ali təhsil ocaqlarının ixtisaslaşmasına səbəb olacaq.

 

Rüfət Əzizov iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə və ətarf mühitin qorunmasında ali təhsil müəssisələrinin rolundan danışıb və rəhbərlik etdiyi universitetin bu istiqamətdə gördüyü işlərlə bağlı təqdimat edib.

 

Milli Məclisin deputatları Tahir Mirkişili və Nigar Arpadarai öz çıxışlarında ölkəmizin ətraf mühitin çirklənməsi kimi qlobal problemlərə həssas yanaşmasından, bununla bağlı aktual çağırışlara verdiyi töhfələrdən danışıblar. Azərbaycanın COP29-a ev sahibliyi etməsinin tarixi hadisə olduğunu bildiriblər.

 

Zakir Fərəcov isə Sumqayıt şəhərində ətarf mühitin qorunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bir zamanlar ekoloji çirklənmənin ən çox olduğu şəhərlər sırasında olan Sumqayıt indi ekoloji cəhətdən ən təmiz şəhərlərdən biridir. Sənaye müəssisələrinin yenidən ekoloji tələblərə cavab verən şəkildə qurulması, şəhərdə yaşıllıqların artırılması ilə buna nail olunub.

 

Daha sonra “Yaşıl iş yerləri” sərgisinin açılışı olub. 70-dək müəssisənin iştirak etdiyi sərgidə iştirakçılara həmin müəssisələrdəki iş imkanları və əmək şəraiti barədə məlumat verilib. Forum panellərdə müzakirələrlə davam etdirilib.