Şirvan və Hacıqabulda növbəti peşə hazırlığı kursları təşkil olunub

Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialı və Bakı Peşə Hazırlığı Mərkəzinin əməkdaşlığı çərçivəsində Hacıqabul rayonunda “ofisiant” peşəsi üzrə hazırlıq kursuna start verilib.


İlkin mərhələdə 10 nəfər işsiz vətəndaşın cəlb edildiyi kurs 1 ay müddətində davam edəcək.


Kurs müddəti ərzində həmin şəxslərə təqaüd də ödəniləcək. Peşə hazırlığını müvəffəqiyyətlə bitirən şəxslər Hacıqabul rayonunda fəaliyyət göstərən “Qədir Xum ailəvi istirahət mərkəzi”ndə işlə təmin olunacaqlar.


Bundan əlavə, Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə Şirvan şəhəri “Turizm agenti” üzrə peşə hazırlığı kursuna da başlanılıb. "Haldun Turizm İnşaat" MMC ilə tərəfdaşlıq çərçivəsində baş tutan kursa 10 işsiz şəxs cəlb edilib. "Turizm agenti" peşəsi üzrə keçiriləcək kurs 2 ay davam edəcək.


Peşə hazırlığı müddətində ixtisaslı mütəxəssislər tərəfindən müdavimlərə zəruri nəzəri biliklər veriləcək. Bundan əlavə, istehsalat təcrübəsi zamanı onların praktiki bilik və vərdişlərə yiyələnməsi, eləcə də keyfiyyətli və müasir metodlarla təcrübə keçmələri üçün geniş imkanlar yaradılıb.