Media nümayəndələri Şamaxıda şəhid ailəsi və müharibə veteranları üçün yaradılan təsərrüfatlarla tanış olublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsi veteranları və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün növbəti mediatur təşkil edib.

 

Jurnalistlər Şamaxı rayonunda qeyd olunan kateqoriyadan olan vətəndaşlar üçün yaradılan kiçik təsərrüfatlarla tanış olublar. 

 

Mediatur zamanı ilk olaraq jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, veteranların sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. Bu tədbirlərin indiyədək 119 min şəxsi əhatə etdiyi, onlara  dəstək yönümlü 243 min xidmət göstərildiyi bildirilib.

 

Sosial dəstək paketi çərçivəsində həmçinin şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 15,2 min şəxsin aktiv məşğulluq proqramlarına, onlardan 8,6 min şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi də diqqətə çatdırılıb.

 

Media nümayəndələri əvvəlcə şəhid Tərlan Amanəliyevin atası Rövşən Amanəliyev üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatla tanış olublar. Şəhid atası postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunaraq proqramın dəstəyi ilə avtoyuma avadanlığı ilə təmin olunub.

 

Müharibə veteranları Samir Hacızadənin və  Teyyub Nağıyevin təsərrüfatları ilə də tanışlıq olub. Özünüməşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına Samir Hacızadə broyler inkubatoru, Teyyub Nağıyev isə heyvandarlıq üzrə təsərrüfatlarını yaradıblar.

 

Proqram iştirakçıları şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin onlara öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.