Şərq Tərəfdaşlığı ölkələri Məşğulluq Xidmətlərinin növbəti görüşü Azərbaycanda keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Brüssel şəhərində (Belçika) keçirilən “I Şərq Tərəfdaşlığı ölkələrinin Məşğulluq Xidmətlərinin məlumat və şəbəkə tədbiri”ndə iştirak edib.

 

“EU4Youth: Gənclərin Məşğulluğu və Sahibkarlığı” Proqramı tərəfindən təşkil olunan tədbirdə məşğulluq xidmətlərinin cəmiyyətdə rolu, işsizliyin aradan qaldırılması sahəsində səmərəliliyin artırılması, gənclərə yönəlik xidmətlərə dair məlumat mübadiləsi aparılıb. Bu xidmətlər üzrə əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

 

Müxtəlif ölkələrdən olan nümayəndə heyətləri arasında gələcək əməkdaşlığa dair yekdil razlılıq ifadə olunub.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli tədbirdə Agentliyin fəaliyyəti, aktiv məşğulluq layihələri, gənclərə yönəlik məşğulluq xidmətləri barədə məlumat verib. Digər ölkələrin məşğulluq xidmətlərinin nümayəndələri ilə müzakirələr aparılıb.

 

Tədbirin sonunda Şərq Tərəfdaşlığı ölkələrinin Məşğulluq Xidmətlərinin şəbəkəsi yaradılıb və Dövlət Məşğulluq Agentliyi şəbəkənin aparıcı qurumlarından biri kimi müəyyən edilib.

 

Həmçinin, qarşılıqlı əlaqələrin inkişafı, əmək bazarının təhlili və məşğulluq xidmətlərinin strateji əməkdaşlığı üçün 2023-cü ildə keçiriləcək görüşün Azərbaycanda keçirilməsi qərara alınıb.