Şəhid və müharibə veteranlarının övladları üçün “Mənim karyeram” layihəsi keçirilib

Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid və müharibə veteranı olan qəhrəmanlarımızın uşaqları üçün təşkil edilən “Mənim karyeram” layihəsinin ilkin mərhələsi başa çatıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən həyata keçirilən layihə çərçivəsində məktəblilərə karyera planlaması üzrə təlimlər keçirilib və peşəkarlarla görüşmək imkanı yaradılıb.

 

3 gün davam edən layihənin məqsədi şəhid və müharibə veteranı ailələrinin övladlarını karyera imkanları ilə tanış etmək, müasir əmək bazarı barədə agahlığı artırmaq, ixtisas seçimi, karyera planlaması barədə məlumatlandırmaq və onların gələcək əmək bazarına hazırlığına töhfə verməkdir. Layihəyə 8-11-ci sinifdə təhsil alan şagirdlər cəlb olunub.

 

Layihə çərçivəsində iştirakçıların Agentliyin rəhbər şəxsləri, işəgötürənlər, müxtəlif peşə sahibləri və spikerlər ilə görüşləri təşkil edilib. Məktəblilərə düzgün ixtisas seçiminin əhəmiyyəti, müasir əmək bazarının tələbləri barədə məlumat verilib. Təlimlərdə onlar üçün “Karyeramızı necə planlaya bilərik?”, “İxtisas seçimində əmək bazarını niyə nəzərə almalıyıq?” mövzularında təqdimatlar edilib, uşaqlarla komanda quruculuğu oyunları oynanılıb, interaktiv söhbətlər aparılıb.

 

Layihənin sonunda iştirakçılara sertifikatlar verilib və Dövlət Məşğulluq Agentliyinin sosial tərəfdaşı olan Marsol MMC-nin partnyor şirkətləri tərəfindən hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, layihə çərçivəsində mütəmadi olaraq şəhid və müharibə veteranı olan qəhrəmanlarımızın uşaqları üçün bu cür təlimlərin keçirilməsi davam etdiriləcək.