Samuxda müharibə veteranları üçün qurulmuş təsərrüfatlara baxış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev özünüməşğulluq proqramı çərçivəsində Samuxda Vətən müharibəsi veteranları üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

 

Qarayev Fuad Həsi oğlu üçün avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, Quliyev Nihad İlham oğlu üçün avtotəmizləmə xidmətləri üzrə yaradılmış təsərrüfatlar nəzərdən keçirilib.

 

Hər iki müharibə veteranı onların sosial vəziyyətinin daim diqqətdə saxlandığına, qayğı ilə əhatə olunduqlarına, müraciətlərinə uyğun olaraq öz kiçik biznes sahələrini yaratmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

 

Şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarının məşğulluğu ilə bağlı işlər prioritet  məsələ hesab edilir. Artıq 15 mindən çox şəhid ailəsi üzvü və veteranın işlə təminatına dəstək olaraq onların aktiv məşğulluq proqramlarına, o cümlədən 8,6 min şəxsin ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunması  təmin edilib.