Bu il əmək və məşğulluq sahəsində rəqəmsallaşma səviyyəsi 80%-ə çatdırılacaq

2022-ci ildə əmək və məşğulluq sahəsində rəqəmsallaşma səviyyəsinin 80%-ə çatdırılması hədəflənib.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin 2022-ci il üzrə hədəflərin və icra planlarının müzakirəsi zamanı bildirilib.

 

Qeyd edilib ki, hazırda vahid əmək münasibətləri platforması rolunu oynayacaq “Əmək münasibətləri və məşğulluq” altsistemi qurulur. “Məşğul şəxslərin reyestri”, “Ölkənin məşğulluq xəritəsi, “BACAR” virtual informasiya resursu, "Sosial tərəfdaşlarla iş və reyestrlər" e-sistemi və s. də yaradılması işləri aparılır.

 

Agentliyin sədri Mustafa Abbasbəyli bu il də aktiv məşğulluq proqramlarının genişləndirilməsinin əsas hədəflərdən olduğunu,  o cümlədən peşə hazırlığına cəlb edilənlərin sayının artacağını deyib.

 

İxtisaslı işçi qüvvəsinin xüsusi çəkisini artırılmasının, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsinin əsas fəaliyyət istiqamətləri olduğunu qeyd edib.

 

Qeyri-formal məşğulluğun qarşısının alınması üçün kompleks tədbirlərin görülməsi, sosial tərəfdaşlarla iş, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, vətəndaşlara göstərilən xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması, əmək və məşğulluq siyasətinin hədəfyönümlü olmasının təmin edilməsi, hər bir işsizə münasibətdə məşğulluq imkanlarının qiymətləndirilməsi və individual Fərdi Məşğulluq Proqramının tərtib edilməsi və s. hədəflərə doğru görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.