Azərbaycan və Türkiyə iş adamları üçün “Rəqəmsal Məşğulluq” tədbirlərinin təqdimatı keçirilib

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkilatçılığı ilə “Rəqəmsal Məşğulluq” adlı online görüş keçirilib. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, ATİB-nin sədri Cemal Yangın, Dış Ekonomik İlişkilər Kurulunun sədri Selçuk Akat, İqtisad Universitetinin rektoru Ədalət Muradov, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Akar, 100-dək türk və azərbaycanlı iş adamı iştirak edib.


Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, bu müharibənin qaziləri, erməni terrorundan zərər çəkən şəxslərin məşğulluqlarının təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib.


Rəqəmsal məşğulluğa keçid sahəsində aparılan islahatlarla bağlı təqdimat edən M.Abbasbəyli qeyd edib ki, artıq ölkə üzrə bütün vakansiyalar “Məşğulluq” altsistemində toplanır. İşəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirilib.


İşsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesi elektronlaşdırılıb, “Əmək münasibətləri və məşğulluq” altsistemi (ƏMAS) adlı vahid əmək münasibətləri platforması qurulur. ƏMAS bütün əmək münasibətlərini, məşğulluq, əmək və məşğulluğa nəzarət, hesabatlılıq və təhlil funksional istiqamətlərini özündə birləşdirəcək. ƏMAS bütün işəgötürənlər və işə qəbul olanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də digər dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolunda çıxış edəcək.


Sədr həmçinin bildirib ki, Agentlik tərəfindən ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, E-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə işlərə də başlanılıb.


M.Abbasbəyli eyni zamanda 2020-ci il ərzində Agentlik tərəfindən 100 min nəfərin iş ilə təmin olunduğunu, 12 min şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin daha da genişləndirildiyini, yeni layihələrə start verildiyini diqqətə çatdırıb. 


Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb.

 

alt text

 

alt text