Gəncə şəhərində regional iclas keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə şəhərində regional iclas keçirilib. İclasda Dövlət Məşğulluq Agentliyinin və Gəncə Peşə Hazırlığı Mərkəzinin nümayəndələri, eləcə də 6, 18, 20, 21 və 22 saylı Ərazi məşğulluq filiallarının kollektivi iştirak edib.

 

İclasda Filialların fəaliyyət istiqamətləri üzrə 9 aylıq göstəriciləri müzakirə olunub, işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması sahəsində görülən işlərin daha da genişləndirilməsi və gücləndirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğu vurğulanıb. Habelə işsizlikdən sığorta ödənişlərinin təyin edilməsi, fərdi məşğulluq proqramlarının tərtib olunması, işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun və peşə hazırlığının təşkili ilə əlaqədar zəruri metodiki tövsiyələr verilib, peşə hazırlığı kurslarının təşkili sahəsində yeni mexanizmlərin tətbiqinə dair məsələlər müzakirə olunub.