Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri arasında görüş olub.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, hər iki Agentliyin aidiyyəti struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.
Agentliyin icraçı direktoru Aygün Əliyeva qurumun yaradılmasında əsas məqsədin qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi olduğunu bildirib, Agentliyin cari fəaliyyəti və gələcək hədəfləri barədə məlumat verib. O bildirib ki, Agentliyin əsas vəzifələrindən biri dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin hazırlanmasına və həyata keçirilməsinə qeyri-hökumət təşkilatlarını cəlb etmək, bu sahədə onlar üçün bərabər şərait və imkan yaratmaq, həmin layihələrin həyata keçirilməsi üçün tələb olunan vəsaitə dair tələbatı müəyyən etməkdir. Bütün bunları nəzərə alaraq Agentlik dövlət orqanları ilə əməkdaşlığa böyük önəm verir.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bu görüşün birgə işlərin görülməsi istiqamətində məhsuldar olacağını diqqətə çatdırıb. Agentliyinin fəalyyəti, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmini istiqamətində görülən işlər və gələcək hədəfləri barədə məlumat verib. Sədr, Agentlik olaraq qeyri-hökumət təşkilatları ilə bağlı həyata keçirilən bütün işlərə dəstək verməyə hazır oduqlarını diqqətə çatdırıb. M.Abbasbəyli qeyd edib ki, vətəndaşlara göstərilən xidmətlərin çevikliyinin artırılması, şəffaflığın və operativliyin təmin edilməsi üçün məşğulluq xidmətlərinin elektronlaşdırılması əsas istiqamət olaraq müəyyən edilib və bu işlərin başlanğıcı olaraq “Əmək və Məşğulluq” Altsistemi istifadəyə verilib. Agentlik rəsmisi bildirib ki, digər elektron sistemlərin hazırlanması prosesi də davam edir.
Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqədə yer alan “Qeyri-formal məşğulluğun qarşısının alınması”, “Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğat”, “Həssas təbəqədən olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunmasına yardım göstərilməsi təşəbbüsləri” və s. mövzularda qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşün yekunu olaraq fəaliyyət istiqamətlərinə uyğun olaraq gələcəkdə birgə işlərin görülməsi, tədbirlər planının hazırlanması barədə razılığa gəlinib.