Qadınların məşğulluğuna dəstək tədbirləri müzakirə edilib

“Aqrar Sahədə Qadınların İqtisadi Güclərinin Artırılması - WEP” layihəsi çərçivəsində panel görüş keçirilib. Tədbirdə müxtəlif dövlət qurumları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının rəhbər şəxsləri və nümayəndələri, eləcə də qadın fermerlər iştirak edib.

 

Tədbirdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli regionlarda məşğulluğun təmin olunmasında kənd təsərrüfatı istiqamətinin mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, Agentlik tərəfindən icra olunan özünüməşğulluq proqramının 70%-i kənd təsərrüfatı istiqamətlidir. M.Abbasbəyli qadınların fərqli peşələrə yiyələnməsinin və əmək bazarına uyğunlaşmasının vacibliyinə diqqət çəkib. Qeyd edilib ki, Agentlik tərəfindən davamlı olaraq qadınların məşğulluğuna dəstək olmaq, onların dayanıqlı iş yeri ilə təmin olunması, həmçinin kiçik sahibkar kimi formalaşmaları üçün dəstək layihələri həyata keçirilir.

 

Daha sonra “WEP” layihəsi çərçivəsində görülən işlər, layihənin dayanıqlılığının və davamlılığının təmin edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər barədə təqdimat edilib, görüş panel müzakirələrlə davam etdirilib.