Aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların mühüm bir hissəsi qadınlardır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların mühüm bir hissəsi qadınlardır.

 

Ötən il Agentlik tərəfindən 20 659 qadın münasib işlərlə təmin edilib. Həmçinin özünüməşğulluq proqramına son bir ildə 4408 qadın cəlb edilib. Onlara aktivlər təqdim edilməklə kiçik ailə təsərrüfatları yaradılıb.

 

Agentliyin mühüm fəaliyyət istiqamətlərindən biri olan peşə hazırlığı kurslarının icrası zamanı da qadınlar diqqətdə saxlanır. Peşə kurslarını uğurla bitirən müdavimlərin işlə təmin olunmasına dəstək göstərilir.

 

Qadınların məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə sosial tərəfdaşlarla birgə layihələr də reallaşdırılır. Hazırda qadınlar tərəfindən idarə olunan məktəbəqədər təhsil xidmətlərinin davamlılığını təmin edən “Məktəbim” proqramı, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı qadınların kiçik biznesə çıxışını dəstəkləyən "Şamaxı-Sosial Müəssisə" layihəsi icra olunur.

 

Həmçinin bu günlərdə autizmli uşaqların anaları olan qadınların məşğulluqlarına dəstək verən “Birgə və Sağlam” layihəsinə də başlanıb.