Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsi bu dəfə Saatlı rayonunda baş tutub.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elmir Bağırov, millət vəkili Səyyad Aran, DMA-nın İdarə Heyətinin sədr müavinləri Ramal Quluzadə və Eşqin Bayramov, həmçinin ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı E.Bağırov çıxışında gənclərin əmək bazarının müasir tələblərinə uyğun peşələrə yiyələnmələrinin regionun sosial-iqtisadi inkişafında mühüm rol oynadığını vurğulayıb. Gəncləri əmək bazarında xüsusi aktuallıq kəsb edən müasir ixtisaslara maraq göstərməyə çağıran icra başçısı bu qəbildən olan maarifləndirici tədbirlərin rayonda davamlı kadr potensialının gücləndirilməsinə xidmət etdiyini bildirib.
DMA-nın İdarə Heyətinin sədr müavini R.Quluzadə gənclərin əmək bazarına hazırlıqlı daxil olmalarında peşəyönümü xidmətlərinin və maarifləndirmə işlərinin əhəmiyyətini qeyd edib. O, bu baxımdan “PeşəFest” layihəsinin regionlardakı gənclərin düzgün karyera planlamalarında mühüm rol oynadığını, həmçinin festivalın əmək bazarının müasir çağırışlarına uyğun ixtisaslı kadr potensialının formalaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Millət vəkili Səyyad Aran isə çıxışında gənclərin və məktəblilərin erkən yaşda doğru karyera istiqaməti seçmələrinin onların gələcək uğurlarının təməli olduğunu diqqətə çatdırıb. Deputat qeyd edib ki, Saatlıda təşkil olunan “PeşəFest” bölgə gənclərinin aktual peşələrlə əyani tanışlığı və məşğulluq imkanları barədə məlumatlılığının artırılması baxımından əvəzsiz platformadır. O, gəncləri mütəxəssislərin tövsiyələrindən maksimum yararlanmağa, rəqəmsal və praktiki sahələrdə peşə vərdişlərinə yiyələnməyə səsləyib.
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.
Qeyd edək ki, növbəti “PeşəFest-2026” oktyabr ayının 9-da Masallıda keçiriləcək. Beləliklə, festivalın keçiriləcəyi rayon və şəhərlərin siyahısı belədir:
Masallı – 9 oktyabr
Naxçıvan – 13 oktyabr
Ordubad – 15 oktyabr
Bakı – 22 oktyabr
“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (ağıllı texnologiyaların internet vasitəsi ilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.
Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəsi “PeşəFest-2026”da fəal iştiraka dəvət edirik.