Peşə hazırlığının təşkili Qaydasına hansı əlavə və dəyişikliklər edilib?

“İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən peşə hazırlığına müraciət edən vətəndaşların çoxluğunu nəzərə alınaraq peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığına ödənişsiz əsaslarla cəlb olunmalarına imkan yaradılıb.

İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər.  

 

Yeni əlavə və dəyişikliklərdə məqsəd peşə hazırlığının çevikliyini və rəqabətədavamlılığını artırmaq, müraciət edən işaxtaran və işsiz şəxslərin əmək bazarının tələblərinə cavab verən peşə və ya ixtisasa yiyələnməklə məşğulluq imkanlarını genişləndirməkdir.

 

Qaydaya olunan yeni əlavə və dəyişikliklərdə peşə hazırlığını həyata keçirən müəssisələrin meyarları, peşə hazırlığının maliyyələşmə mexanizmi, sertifikasiya prosesi öz əksini tapıb.

 

Bununla yanaşı, əlavə təhsilin məzmununa uyğun olaraq peşə hazırlığı artıq dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələrdə də təşkil oluna bilər. Yenilik peşə hazırlığı sisteminin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, işaxtaran və işsiz şəxslərin peşə hazırlığı istiqamətində ehtiyaclarını tam ödəməklə əmək bazarında layiqli yer tutmalarına geniş imkanlar yaradacaqdır. 

 

Qeyd edək ki, işsiz şəxslərə peşə hazırlığına cəlb olunduğu dövrdə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.