Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Dövlət-özəl tərəfdaşlığı ilə peşə hazırlığının təkmilləşdirilməsi və vətəndaşlara operativ peşə hazırlığı xidmətinin təşkili” mövzusunda görüş keçirilib.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin, 4 saylı Bakı DOST Mərkəzinin, Bakı Peşə Hazırlığı Mərkəzinin, eləcə də Agentliyin əməkdaşlıq etdiyi özəl şirkətlərin nümayəndələri iştirak edib.
Agentliyin peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na edilən dəyişikliklə peşə hazırlığının dövlət sifarişi ilə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirildiyini və peşə hazırlığını bitirən şəxslərin məşğulluğunun təminatında işəgötürənlərlə əməkdaşlığın vacibliyini bildirib. Qeyd edib ki, hazırda peşə təhsili sistemində ciddi islahatlar, təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahədə müasir təcrübənin tətbiq edilməsi və peşə hazırlığı mərkəzlərinin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. Aparılan tədbirlərin nəticəsi olaraq isə məzunlar əmək bazarında öz yerlərini tutmalıdırlar.
Görüşdə işəgötürənlərlə peşə hazırlığı mərkəzləri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğu vurğulanıb. Agentlik tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, bu kimi görüşlərin mütəmadi keçirilməsinin zəruriliyi qeyd olunub.
Daha sonra Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin fəaliyyəti barədə təqdimat edilib. Mərkəzdə aparılan yenidənqurma işləri, təşkil edilən kurslar və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilib, peşə hazırlığı ilə məşğul olan şirkətləri maraqlandıran suallar cavablandırılıb.