Ötən həftə başlayan peşə kurslarına daha 170 vətəndaş cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslərin peşə hazırlığının təşkili davam edir. Agentliyin Bakı, Göyçay və Gəncə Peşə Hazırlığı Mərkəzlərində yeni kursların tədrisinə başlanılıb.

 

Göyçay Peşə Hazırlığı Mərkəzində təşkil olunan kurslar proqramla idarə olunan dəzgahların operatoru, intensiv bağçılıq üzrə işçi, bərbər-vizajist-manikürçü, ərzaq və qeyri ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, istixana operatoru, Gəncə Peşə Hazırlığı Mərkəzində laborant-mikrobioloq, ərzaq və qeyri-ərzaq malları satıcısı, Bakı Peşə Hazırlığı Mərkəzində isə aşpaz sahələrini əhatə edir. Ümumilikdə kurslara 170-ə yaxın işsiz şəxs cəlb olunub.

 

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində baş tutacaq peşə hazırlığı kurslarında müdavimlərə  nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə də şərait yaradılacaq.

 

Kursu uğurla bitirən şəxslərin işlə təmin olunmasına dəstək göstəriləcək.