Ölkəmizdə ilk dəfə “Mühasiblərin Karyera Forumu” keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Gənc Mühasiblər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Mühasiblərin Karyera Forumu” keçiriləcək.

 

Forumda dövlət qurumları, özəl sektorun nümayəndələri, şirkətlər, maliyyə - mühasibatlıq sahəsində ekspertlər, insan resursları üzrə mütəxəssislər, universitet nümayəndələri və layihə çərçivəsində nəzərdə tutulan təlimləri bitirmiş tələbələr iştirak edəcək.

 

Forum müxtəlif panellərdən ibarət olacaq və müzakirələrdə mühasiblərin işə qəbul və iş zamanı qarşılaşdıqları problemlərə toxunalacaq, fikir mübadiləsi aparılacaq. Daha sonra forum şirkətlərin stendi olan panellə - əmək yarmarkası ilə davam edəcək.

 

Qeyd edək ki, Forum bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində aztəminatlı, şəhid ailəsindən olan gənclər və qazilər, müharibədə zərər çəkmiş region gənclərindən ibarət kurs keçmiş mühasiblərin, Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən layihə çərçivəsində işğaldan azad olunmuş ərazilərə qayıdacaq təlimçi kimi yetişdirilən gənc mühasiblərin, Dövlət  Məşğulluq Agentliyinin “əməliyyatçı-mühasib” peşə hazırlığı kursunu bitirən tələbələrin iştirakı ilə təşkil edilir.

 

15 iyul 2022-ci il tarixdə Park İnn otelində baş tutacaq tədbirdə bütün mühasiblər iştirak edə bilər və iştirak ödənişsizdir. Qeydiyyat və ətraflı məlumat əldə etmək üçün: www.mkf.az