“Məzunların məşğulluq reytinqi” platformasına qoşulan universitetlərin sayı 30-a çatıb

“Məzunların məşğulluq reytinqi” platformasına qoşulan universitetlərin sayı 30-a çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında məzunlarının göstəriciləri yerləşdirilən universitetlərin sayı 30-a çatıb.

 

Bakı Ali Neft Məktəbi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Avrasiya Universiteti Platformaya yeni qoşulan universitetlər sırasındadır.

 

Qeyd edək ki, “Məzunların məşğulluq reytinqi” platforması 3 bölmədən ibarətdir:

 

 

  • İşəgötürənlər üzrə məlumat: Burada hər bir universitet və ya universitetin məzunlarının işlə təmin olunduğu sahələr, cins bölgüsü, sektorlar, həmin universitetin məzunlarını daha çox işlə təmin edən top 10 işəgötürənin adı, iqtisadi fəaliyyət növləri və digər göstəricilər əks olunur.
  • Məzunların işlə təmin olunması: Bu bölmədə məzunların işlə təminatı üzrə müddət aralıqları, ixtisasları üzrə çalışmaları, cins, sektor, sahə, əməkhaqqı aralıqları və digər göstəricilər mövcuddur.
  • Məzunların məşğulluq reytinqi: Burada isə universitetlərin və əlavə olaraq ixtisasların reytinqləri əks olunur. Hər bir şagird və abituriyent ixtisas seçərkən həmin ixtisasların məşğulluq götsəricilərinə nəzər yetirməklə daha düzgün qərar verə biləcəklər.

 

Platformanın hazırlanmasında məqsəd şagird və abituriyentlərin ixtisas seçərkən bu sistem vasitəsilə həmin ixtisasları bitirən şəxslərin məşğulluq göstəricilərinə nəzər yetirmələri və doğru qərar vermələridir. Platformadan istifadə ilə ali təhsil müəssisələrinə müraciət edən şəxslər ixtisasların və ali təhsil müəssisələrinin məşğulluq baxımından prestijini müqayisə edərək uyğun seçim edə biləcəklər.

 

“Məzunların məşğulluq reytinqi” platformasında universiteti bitirən məzunların bitirdikləri tarixdən etibarən növbəti 2 il ərzində işədüzəlmə müddətləri, ixtisasları üzrə işlə təminatı, əmək haqlarının səviyyəsi və digər parametlərə görə reytinqi əksini tapır.