12 mindən çox şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib

44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinin və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi istiqamətində aparılan işlərə dair mətbuat konfransı keçirilib.

 

Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli postmüharibə dövründə Nazirlik tərəfindən şəhid ailələri və qazilərlə bağlı icra olunan sosial dəstək paketinin artıq 100 min şəxsi əhatə etdiyini, onlara 190 min xidmət göstərildiyini bildirib.

 

Qeyd olunub ki, o cümlədən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır. Vətən müharibəsindən sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən 12,1 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib.

 

Onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb.

 

Nazirlik tərəfindən 2021-ci ildə başladılan, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na artıq 646 işəgötürən qoşularaq 4538 vakansiya təqdim edib və marafon çərçivəsində artıq 2366 şəxs işlə təmin olunub. Onlardan 1973 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.

 

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi də əsas hədəflərdən biridir.  2022-ci ilin 5 ayında  peşə hazırlığına 1542 vətəndaş cəlb olunub ki, onlardan bir hissəsi də şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.

 

Mətbuat konfransında ödənişli ictimai işlər, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi və s. proqramlar çərçivəsində də şəhid ailəsi üzvləri, müharibə iştirakçılarının məşğulluğuna dəstək verilməsi işləri barədə məlumat verilib.

 

Jurnalistlərin müvafiq mövzuda sualları cavablandırılıb.