Beynəlxalq Forumda Azərbaycanda məşğulluq sahəsində aparılan islahatlara dair məlumat verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov Yoxsulluğun Azaldılması üzrə Birinci Özbəkistan Beynəlxalq Forumunda iştirak edib.  

 

Özbəkistan Respublikasının İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi tərəfindən təşkil edilən tədbirdə müxtəlif ölkələrdən 300 nümayəndə iştirak edib.  

 

Forum çərçivəsində yoxsulluğun azaldılması istiqamətində yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi, inklüziv və iqtisadi artım, eləcə də kənd təsərrüfatının inkişafı və yeni xarici investorların cəlb edilməsi imkanları müzakirə edilib.

 

Elman Sadıqov çıxışında Dövlət Məşğulluq Agentliyinin işsiz və işaxtaran şəxslərin məşğulluğu istiqamətində həyata keçirilən islahatlar və fəaliyyət istiqamətləri barədə məlumat verib, Forum iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, iki gün davam edən Forumda Özbəkistan beynəlxalq və işgüzar cəmiyyətinin nümayəndələri, xarici dövlət nümayəndələri, dövlət qulluqçuları, siyasətçilər, beynəlxalq təşkilatların rəsmi nümayəndələri iştirak edib.