Məşğulluğun artırılmasında QHT-lərlə əməkdaşlıq müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında görüş keçirilib.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, uğurlu sosial siyasət, məşğulluq və sosial xidmətlərin əhatə dairəsinin genişlənməsinə səbəb olub. Sosial sahədə islahatlar həyata keçirilir, yeni layihələr icra olunur ki, bu da vətəndaşların gəlirlərinin əhəmiyyətli dərəcədə artırılmasını təmin edir.

 

Məşğulluq sahəsində qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlığın ildən-ilə genişləndiyini qeyd edən M.Abbasbəyli xüsusilə Agentliyin sifarişi ilə icra edilən və həssas qrupları, habelə sağlamlıq imkanları məhdud bütün təbəqələri əhatə edən layihələrin sayının artmasının əhəmiyyətindən danışıb.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin direktoru Aygün Əliyeva bildirib ki, Dövlət Məşğulluq Agentliyi ilə keçirilən görüş qeyri-hökumət təşkilatlarının ideyalarına dəstək məqsədi daşıyır. Əhalinin məşğulluq imkanlarının artırılması, xidmətlərinin keyfiyyətinin artırılması, bu xidmətlərdə şəffaflığın, operativliyin və əlçatanlığın təmin edilməsi istqamətində qeyri-hökumət təşkilatlarının nümayəndələri aktiv iştirak etməlidirlər.

 

Daha sonra QHT–lərin məşğulluq sahəsində təklifləri, mövcud və planlaşdırılan layihələri müzakirə edilib, onlara məşğulluq xidmətləri ilə bağlı məlumatlar verilib.