BMT-nin İnkişaf Proqramı ilə icra olunan layihələrin müzakirəsi olub

Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Nümayəndəliyinin müvəqqəti işlər vəkili Suxrob Xojimatov ilə görüşüb. Görüşdə nazirliyin BMT-nin İnkişaf Proqramı ilə birgə icra etdiyi layihələr ətrafında müzakirələr aparılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə 500 şəxsin biznes-planı təsdiqlənib.  Həmin şəxslərin dayanıqlı biznes qurmaları üçün aktivlərlə təminatı işləri aparılır. Hazırda 232 layihə iştirakçısı öz biznesini inkişaf etdirməsi üçün lazımi avadanlıqlarla təmin edilib.

 

Müzakirədə layihənin həssas təbəqələrdən olan işsiz şəxslərin potensialının artırılmasına və səmərəli məşğulluğuna mühüm dəstək olduğu vurğulanıb.

 

“Azərbaycanda innovasiya və məşğulluğun inkişafı” layihəsinin cari vəziyyətinin müzakirəsi zamanı layihə üzrə “Peşəkarlığın inkişafı və innovasiyalar platforması” (PROGRO) metodologiyası əsasında təşkil olunan təlimlərin gənclərin əmək bazarına inteqrasiya imkanlarının artırılmasında əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Nazirlik, BMT İP və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə icra etdiyi bu layihə üzrə təlimlərdə iştirak edən gənclərin böyük əksəriyyəti əldə etdikləri müasir bacarıqlar müqabilində işlə təmin olunublar.

 

Gənclərin əmək qabiliyyətinin artırılması və yerli əmək bazarında dayanıqlı məşğulluğuna xidmət edən bu layihə üzrə bu vaxta qədər 1300 gəncin PROGRO Platforması vasitəsilə müxtəlif təlimlərdə iştirak edildiyi bildirilib.

 

İcrası 2021-ci ilin sonunda başa çatan “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin nəticələri də müzakirə edilib. Bildirilib ki, layihənin icra edildiyi dövrdə əlilliyi olan qadınların və müharibə veteranlarının qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına dair tövsiyə sənədləri, metodoloji təlimatlar hazırlanıb, əlilliyi olan qadınların və müharibə veteranlarının məşğulluq imkanları və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə 300 nəfərə məşğulluq xidmətləri barədə maarifləndirmə tədbirləri keçirilib, 2159 nəfərə psixososial dəstək və 987 nəfərə hüquqi dəstək göstərilib.