“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi iştirakçılarına təlimlər keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi iştirakçıları üçün təlimlər keçirilir.

 

Layihənin icra olunduğu Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarından seçilmiş şəxslərə turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün biznes planın yazılması, biznesin hüquqi əsasları, kənd turizmi və brendinq, kənd turizmində sosial medianın rolu, qonaq evlərinin menecmenti və müştəri məmnuniyyəti kimi mövzularda təlimlər keçirilir. Təlimlərlə yanaşı, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir-bərpa işləri də yekunlaşmaq üzrədir. Növbəti mərhələdə sahibkarlıq obyektləri lazımi avadanlıqlarla təchiz ediləcək. Nəticədə kənd turizmi sahəsində 50 yeni sahibkarlıq obyekti təsis olunacaq.

 

Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri yerli sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir.