Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində təsis edilən İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən birgə təşkil olunan İT kurslarının seçim mərhələsinin ilk hissəsi başa çatıb.
Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin və iştirakçılarının məşğulluq imkanlarının artırılması məqsədilə təşkil olunan kursların ilk seçim mərhələsində müsahibədə iştirak edən 72 nəfərdən 54-ü bu mərhələni uğurla başa vuraraq kurslarda iştirak haqqı qazanıb. Ümumilikdə kurslarda qeyd edilən kateqoriyadan 100 nəfərin iştirakı nəzərdə tutulur.
Sentyabr ayında başlanması nəzərdə tutulan kurslardan öncə isə iştirakçılar 2 həftə müddətində seminar tipli təlimlərə cəlb ediliblər. Hazırda da davam edən təlimlərdə iştirakçılara Dövlət Məşğulluq Agentliyinin mütəxəsissləri tərəfindən karyera planlaması, ünsiyyət bacarıqları və komanda işi, düzgün CV hazırlanması, müsahibə mərhələsinə hazırlıq, İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən ilkin İT bacarıqları, eləcə də Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən psixoloji xarakterli qrup təlimləri tədris edilir.
Qeyd edək ki, İT kursuna olan müraciətlərin qeydiyyatı dayandırılsa da, elan edilmiş zaman müddətində qeydiyyatdan keçən şəxslərin seçim mərhələsi aparılacaq və onlarla müsahibələrin keçirilməsi təşkil ediləcəkdir.
“Peşə öyrən, işsiz qalma!” devizi altında həyata keçirilən “Peşəkar” layihəsi çərçivəsində təşkil edilən kursları uğurla bitirən şəxslərə sonda İsrail-Azərbaycan Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikatlar təqdim ediləcək, eyni zamanda tərəfdaşların dəstəyi ilə kursu uğurla başa vuran şəxslərin müvafiq işlə təminatına dəstək göstəriləcəkdir.