Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Olduİşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb. Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Qanunla “İşsizlikdən sığorta haqqında” Qanuna edilmiş dəyişiklik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə daha bir dəstəkdir.
Dəyişikliyə əsasən, yeni Qanunla müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan sığorta stajının müddəti 30 aydan 24 aya endirilib.
Bundan başqa “müəssisənin mülkiyyətçisi dəyişdikdə”, “əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda”, habelə “əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etdikdə” əsasları ilə əmək müqavilələrinə xitam verilən şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yaranıb.
Sığorta ödənişi ilə əhatə olunan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə daha bir dəstək olaraq sığorta ödənişinə uşağa görə ödənilən əlavələrin məbləği üzrə 20%-lik maksimum hədd dəyişikliklərə əsasən ləğv edilib, xitam əsasından asılı olmayaraq sığorta ödənişi alan hər bir şəxsin əlavə sığorta ödənişi almaq hüququ yaranıb. Belə ki, xitam əsasından asılı olmayaraq himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) hər bir şəxs sığorta ödənişinə əlavəni hər uşağa görə 5 faiz miqdarında almaq hüququna malikdir.
Fərdi məşğulluq proqramını üzrlü səbəblər olmadan icra etmədikdə və ya fərdi məşğulluq proqramının icrası barədə hesabatı müəyyən olunmuş qaydada və müddətdə üzrlü səbəblər olmadan təqdim etmədikdə işsizlikdən sığorta ödənişinin dayandırılması ilə bağlı Qanunda əks olunan üzrlü səbəblərin dairəsi də müəyyən edilib: hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.