İslam İnkişaf Bankı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun nümayəndə heyəti ilə görüş  olub.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələrin uğurlu inkişafını qeyd edib.

 

Nazir müavini Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin geniş tətbiqi işləri barədə məlumat verib. O, sosial ödənişlərin artırılması istiqamətində atılan mühüm addımlardan danışıb.

 

A.Əliyev aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini vurğulayıb. Xüsusilə gənclərin, qadınların, əlilliyi olan şəxslərin məşğuluq imkanlarının artırılması üçün görülən tədbirləri diqqətə çatdırıb.

 

Əmək bazarına çıxış imkanları yaradan peşə hazırlığı sisteminin inkişafı, əmək bazarının tələblərinə uyğunlaşdırılması, peşəyönümü məsləhət xidmətləri sahəsində aparılan işlər qeyd edilib.

 

Görüşdə İslam İnkişaf Bankının əməliyyatlar üzrə ölkə meneceri Fərid Əhməd Xanın, baş texniki əməkdaşlıq koordinatoru Əhməd Faruk Dikenin, əməliyyatlar üzrə komanda rəhbəri Koxorjon Aminovun, gənclər ilə iş üzrə  böyük mütəxəssis Şaria Vilkerin və digərlərinin fikirləri dinlənilib.

 

Gənclərin və qadınların, əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasının, əmək bazarına çıxışının  dəstəklənməsi və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.