İŞKUR-la gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti ilə görüş olub.

 

Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Azərbaycanda vətəndaş rifahının təminatı istiqamətində atılan addımları qeyd edib. O, aktiv məşğulluq proqramlarının genişləndirilməsi məqsədilə görülən işlər, məşğulluq sahəsində son illər innovativ həllərin geniş tətbiqi əsasında aparılan islahatların nailiyyətlərindən bəhs edib. 

 

Bu ilin may ayında istifadəyə verilən, vahid əmək münasibətləri platforması rolu oynayan Əmək və Məşğulluq Altsistemi barədə məlumat verilib. Aparılan islahatlar prosesində xarici təcrübələrin də öyrənildiyi, həmçinin Türkiyə ilə müvafiq sahədə təcrübə mübadiləsinə xüsusi önəm verildiyi qeyd edilib.

 

İŞKUR-un sədr müavini Samet Günəş ölkələrimiz arasında sosial sahədə də əlaqələrin daim inkişaf etməsindən məmnunluğunu bildirib. S.Günəş Azərbaycanın məşğulluq sahəsindəki bir sıra yeniliklərinin onlar üçün də maraqlı olduğunu qeyd edib. 

 

Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Həmçinin hər iki qurum postpandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində birgə fəaliyyət planı üzrə görüşlərin daha da artırılmasına dair razılığa gəliblər. Daha sonra qurumların fəaliyyəti barədə təqdimatlar edilib. 

 

Qeyd edək ki, Agentlik və İŞKUR arasında 2022-2023-cü illəri əhatə edən Fəaliyyət planı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclasının Protokolunun tərkib hissəsidir.