İşğaldan azad olunmuş ərazilərdə daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir.

 

Laçın şəhəri və Laçının Zabux və Sus kəndləri, Şuşa şəhəri, Xocalı şəhəri və Xocalının Ballıca kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Füzuli və Cəbrayıl şəhərlərində daha 24 sakinə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib.

 

Verilmiş avadanlıqlar hesabına onlar un məmulatlarının istehsalı, qadın gözəllik salonu, kişi bərbərxanası, kiçik dərzi sexi, telefon təmiri, poliqrafiya xidmətləri, səyyar kofe evləri, aqroturizm, broyler inkubatoru, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik bizneslərini yaradıblar.

 

Aktivlər təqdim edilən sakinlərlə görüş olub, onların yeni qurduqları təsərrüfatlarla bağlı gələcək planlarına dair fikir mübadiləsi aparılıb.

 

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz