İşəgötürənlərlə birgə əməkdaşlıq məsələləri və dəstək mexanizmləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialı tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə işəgötürənlərlə növbəti görüş təşkil olunub.

 

61 müəssisədən nümayəndənin iştirak etdiyi görüşdə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlərə məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib, İcra Hakimiyyəti tərəfindən Abşeron rayonunda ərazi məşğulluq proqramının icrası çərçivəsində görülən işlərdən danışılıb. Qeyd olunub ki, Dövlət Məşğulluq Agentliyinin sahibkarlara dəstək məqsədli bir sıra funksional istiqamətləri mövcuddur. Bu istiqamətlər məhz işəgötürənlərin fəaliyyətini dəstəkləməyə, onları uyğun kadrlarla təmin etməyə və dövlət qurumları ilə sahibkarlar arasında əməkdaşlığı inkişaf etdirməyə, qarşılıqlı inam mühitinin yaradılmasına hədəflənib.

 

Tədbirin digər müzakirə məsələləri sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi qaydası, peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri ilə bağlı olub. Bu istiqamətdə işəgötürənləri maraqlandıran suallar da cavablandırılıb.

 

Sonda Agentliyin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənilib, digərləri də birgə əməkdaşlığa dəvət edilib.