Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində şəhid ailələri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”nda fəal iştirak edən işəgötürənlərlə görüş keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qeyd edib ki, möhtəşəm Qələbəmizin qəhrəmanlarının – 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı üçün çevik və genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində həmin kateqoriyalara aid 5420 şəxs də özünüməşğulluq proqramına cəlb edilib, 2250 şəxs isə münasib işlərlə təmin edilib. “Məşğulluq marafonu”na artıq 570 işəgötürən qoşulub və 3314 vakansiya təqdim edib. Onlardan 299-u dövlət, 271-i özəl müəssisələrdir.
“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona təqdim edilən vakansiyalar üzrə həmin kateqoriyalardan olan artıq 1036 nəfər (162 şəhid ailəsi üzvü və 874 qazi) işlə təmin olunub. Hazırda da vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.
M.Abbasbəyli bildirib ki, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.
Görüşdə “Məşğulluq marafonu”nda fəal iştirak edən işəgötürənlərə təşəkkürnamələr təqdim edilib.